Imam Əlinin (ə) ədaləti!

Əmirəl-Möminin (ə) tərəfindən xəlifənin qardaşına qarşı içki cəzasının icrası!

Təəssüf ki, bu günlərdə tez-tez şahid olduğumuz hadisələrdən biri də, bəzi məmurlar, onların övladları, prezident və yaxınlarının qanun və İslami cəzalara qarşı “məsləhət” adı altında güzəştlər edilməsi, göz yumulmasıdır. Buna bənzər halların yaşanması həqiqətən çox təəssüf doğurur, kaş ki, qanunun icrasında mövlamız Əmirəl-Möminin (ə) olardı.

Osmanın ana bir qardaşı olan Vəlid ibn Üqbə, onun tərəfindən Kufənin valisi təyin edilmişdi. Vəlid şərab içdiyinə görə bir gün səhər məscidə sərxoş halda gəldi və camaatla birgə namaz qıldı. Namaz əsnasında sərxoş halda eşq şeirləri oxudu və səhvən sübh namazını iki deyil, dörd rəkət qıldı. Sonra camaata dönərək dedi: “Bu gün kefim yaxşıdır, istəsəniz daha çox da qılaram!”

Və sonra Vəlid qusdu və huşunu itirib yerə yıxıldı və orada olanların bir çoxu ki, bu hadisəyə şahid idilər sərxoş valinin üzüyünü barmağından çıxardılar. Orada olanlardan biri – Cündüb ibn Züheyr – hadisəni Osmana xəbər verdi. Osman isə cavabında onu qamçıladı. Daha sonra onlar Ayişənin yanına getdilər və Vəlidin bu rüsvayçı hərəkətinə Osmanın biganəliyini bildirdilər. Sonra isə İmam Əlinin (ə) yanına getdilər.

İmam Əli (ə) Osmanla görüşərək dedi: “Allahın hökmünü pozmusan, qardaşın Vəlidin fasiqliyinə şahidlik edənləri döymüsən və Allahın qanunlarını dəyişmisən. Halbuki Ömər ibn Xəttab sənə demişdi ki, Bəni Üməyyə kişilərini, xüsusilə Əbu Mühitin övladlarını xalqın başına gətirmə! Niyə bu fasiqi camaatın başına bəla etmisən?!”

Osman soruşdu: “Bəs indi sizin fikriniz nədir, nə etməliyik?”

İmam Əli (ə) buyurdu: “Vəlidi dərhal vəzifədən azad et və ona bir daha iş vermə. Şahidləri çağır, əgər onların şahidliyi düşmənçilik və zənnə əsaslanmırsa, Vəlidə içki cəzası (şə’ri hədd) verilməlidir.”

Osman Səid bin Ası Kufəyə yeni vali təyin etdi. Vəlid Mədinəyə gələndə Osmanın yanına getdi, Osman isə onu hörmətlə qarşıladı, məhkum paltarı əvəzinə ona gözəl paltar geyindirdi və otaqda əyləşdirdi. Və sonra elan etdi ki: “Kim istəyirsə, gəlib ona cəza versin!”

Hər kim cəzanı icra etmək üçün Vəlidə yaxınlaşdısa o, xəlifə ilə qohumluğunu xatırladaraq onları qorxudur, təhdid edirdi və onlar da geri çəkilirdilər.

Xəlifənin bu çirkin oyununu görən İmam Əli (ə) çox əsəbləşdi və qamçını əlinə alaraq yanında olan böyük oğlu İmam Həsənlə (ə) birgə otağa daxil oldu.
Vəlid başqalarına dediyi sözləri yenə təkrar etdi.
Möminlərin Əmiri(ə) buyurdu: “Sus! İsrail oğulları Allahın hökmlərini pozduqları üçün məhv oldular. Əgər mən də xəlifə ilə qohumluğuna görə Allahın hökmünü icra etməsəm, mömin deyiləm.”

Vəlid qaçmaq istədikdə İmam Əli (ə) onu tutub yerə yıxdı və iki uclu qamçı ilə ona səksən zərbə vurdu.

Osman gözləri önündə qardaşının bu halını gördükdə dedi: “Ya Əli! Vəlidə belə davranmağa haqqın yoxdur!”

İmam Əli (ə) buyurdu: “Vəlid içki içib və fasiq olub. Allahın hökmünün icrasına mane olub. Bu gördüyündən də artıq cəzaya layiqdir.”
(Əl-Qədir, (Əllamə Əmini(r)) cild -15, səh-196)