Həcc ziyarəti haqda qısa məlumat.

Bismilləhir Rahmənir Rahim.

Həcc İslam dininin Quran və hədislərdə adı dəfələrlə çəkilən vacib ibadət növlərindən biridir. Burada məqsəd Allahın evini (Kəbəni) ziyarət edərək mənəvi təmizlənmək, Xaliqlə əhdi təzələmək, İslam birliyini gücləndirmək və İbrahim (ə) ənənələrini yaşatmaqdır.

Həcc üç yerə bölünür: Təməttö Həcci, Qiran Həcci və İfrad Həcci.
Hər birinin icra qaydası aşağıdakı kimidir:

1.Təmməttö Həcci: Məkkədən vətəni təxminən 80 km və ya daha uzaq olanların vəzifəsidir.
Əməlləri: Məkkədə ehram bağlamaq, Ərəfatda dayanmaq, Məşərul-Həramda dayanmaq, Cəmrətul-Əqəbəyə daş atmaq, qurban kəsmək, saç qırxmaq və ya qısaltmaq, həcc tavafı, tavaf namazı, Səfa və Mərvə arasında səy, nisa tavafı, nisa tavaf namazı, Minada gecələmək və Zilhiccə ayının 11 və 12-ci günlərində Cəmrələrə daş(rəmyul- cəmərat) atmaq (bəzən 13-cü gün də vacib olur).

2.İfrad Həcci: Məkkədən vətəni 80 km-dən az olanların vəzifəsidir. Əməlləri: Təmməttö Həcci ilə eynidir, fərq ondadır ki, qurban kəsmək burada müstəhəbdir. Həmçinin, Təmməttö Həccində həccdən əvvəl Təmməttö Ümrəsi vacibdir, əks halda həcc batil olur. Amma İfrad Həccində həccdən sonra Umrə-Müfrədə yerinə yetirilməlidir, hətta Zilhiccə ayından sonra olsa belə.

3.Qiran Həcci: Məkkədən 20 kilometrdən az məsafədə yaşayanların vəzifəsidir. Yəni Məkkə və ətrafında yaşayanlar İfrad Həcci və Qiran Həcci arasında seçim edə bilərlər. Fərqi ondadır ki, Qiran həccində “süqul-hədy” vacibdir, yəni qurbanı özü ilə gətirməlidir.
Əş’ar və Təqlid-də müstəhəbdir (qurbanlıq heyvana əlamət qoymaq).