Bəqərə (inək) surəsi, ayə 121-127

Bağışlayan və Mehriban Allahın adı ilə.

Kitab verdiyimiz kimsələr onu layiqincə oxuyarlar. Onlar ona iman gətirərlər. Kim onu inkar edərsə, əsil ziyana uğrayanlar məhz onlardır(121), Ey İsrail oğulları! Sizə verdiyim nemətimi və (bir vaxtlar) sizi aləmlərdən (digər insanlardan) üstün etdiyimi yada salın!(122),

Heç kəsin başqası üçün bir şey ödəyə bilməyəcəyi, fidyənin qəbul edilməyəcəyi, şəfaətin heç kimə fayda verməyəcəyi və heç bir köməkliyin göstərilməyəcəyi bir gündən (axirət günündən) qorxun!(123), Rəbbi İbrahimi bir neçə sözlə sınağa çəkdiyi zaman, O da onları layiqincə yerinə yetirdi. Allah dedi: “Mən səni insanlara imam (dini rəhbər) təyin edəcəyəm!” (İbrahim:) “Nəslimdən də (dini rəhbərlər təyin et)!” – dedi. Allah: “Zalımlar Mənim əhdimə nail olmazlar”, – buyurdu (124), Evi (Kəbəni) insanlar üçün savab qazanma və əmin-amanlıq yeri etdiyimiz zaman, Siz də İbrahimin dayandığı yeri (özünüz üçün) namazgah edin! İbrahimə və İsmailə: “Evimi (Kəbəni) təvaf edən, özünü ibadətə həsr edən (etikafda olan), rüku və səcdə edənlər üçün təmizləyin!” – deyə əmr etmişdik(125), O zaman İbrahim demişdi: “Ey Rəbbim, buranı təhlükəsiz bir şəhər et! Əhalisindən Allaha və axirət gününə inananlara (hər növ) məhsullardan ruzi ver!” Allah dedi: “Kafirləri (dünya nemətlərindən) bir qədər faydalandırar, sonra da cəhənnəm əzabına düçar edərəm. Ora nə pis dönüş yeridir!”(126), Bir zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaldırdılar (və belə dua edirdilər:) “Ey Rəbbimiz, bizdən (bunu) qəbul et! Şübhəsiz ki, Sən hər şeyi eşidənsən, bilənsən! (127).