Professor Roş Bulon.

Cərrahi əməliyyat zamanı Şiə alimi vasitəsilə hidayət tapan professor.

Şəxsi həyatı və təhsili.

Mərhum, məğfur cənab doktor Roş Bulon (Roch Boulvin) — ixtisasca həkim-mütəxəssis və ümumi cərrah — 1912-ci ildə Fransa xalqının mədəniyyətinə bənzər mədəniyyətə malik olan Belçikada anadan olmuşdur. Onun ana dili fransız dili idi və adı da fransız mənşəlidir. O, xristian məzhəbli bir ailədə böyüyüb boya-başa çatmış, bir müddət sonra təhsilinə başlamışdır. 1936-cı ildə, 24 yaşında ikən Brüssel Azad Universitetinə tibb ixtisası üzrə qəbul olmuş, tədricən tibbi biliklərini artıraraq həmin universitetdən ixtisas diplomlarını və ali elmi dərəcələri əldə etmişdir.

İrana miqrasiya.

1934-cü ildən etibarən İranın Məşhəd şəhərində tibb elminin inkişafı və canlanması məqsədilə bu xəstəxananın, xüsusilə cərrahiyyə şöbəsində xarici həkimlərin işə cəlb edilməsinə başlamış və Almaniya, Çexiya və Fransadan həkimləri işə götürmüşdür.

Artıq tədqiqatçı və mahir təbib kimi tanınan professor Roş Bulonun şöhrəti bir çox elmi və tibbi dairələrdə yayılmışdı. Məşhədin tibb sisteminin keyfiyyətinin artırılması layihəsi çərçivəsində, 1954-cü ildə Astan Qüds Rəzəvidən aldığı səlahiyyətlərə əsasən İran Səhiyyə Nazirliyi vasitəsilə doktor Hüseyn Əsədi, İmam Rıza (əleyhis-səlam) Xəstəxanası üçün mahir bir cərrahın işə götürülməsi məqsədilə professor Bulonu dəvət etmiş və onu 1954-cü ilin avqust ayından etibarən üç il müddətinə, 1000 dollar maaşla bu xəstəxanada cərrahiyyə şöbəsinin rəhbəri kimi xidmətə götürmüşdür. Bu müqavilə sonradan uzadılmış və nəticədə doktor Bulon 15 il müddətində İmam Rıza (əleyhis-səlam) Xəstəxanasının cərrahiyyə şöbəsinin rəhbəri olmuşdur. Bulonun əsas tədqiqatları hidatik kista, vərəm xəstəliyi, öd kisəsi və öd yolları xəstəlikləri, həmçinin mədə və onikibarmaq bağırsaq yaraları sahəsində idi.

Bulon cərrahiyyə şöbəsinin idarə olunması və mühüm tibbi-elmi xidmətlərlə yanaşı, çoxlu sayda ixtisaslı və məsuliyyətli şagirdlər yetişdirərək cəmiyyətə təqdim etmişdir. Professor Bulonun İmam Rıza (əleyhis-səlam) Xəstəxanasındakı fəaliyyəti xüsusilə ona görə mühüm idi ki, müasir cərrahiyyə ilk dəfə olaraq İranda tətbiq edilirdi. Bu müasir cərrahiyyə üsulu İran tibb elminin inkişafında o qədər əhəmiyyətli rol oynadı ki, həmin tarixi mərhələdə Məşhəd Tibb Elmləri Universiteti elmi və tədris baxımından Tehran Universitetini belə geridə qoymuşdu və bütün bu nailiyyətlər bu fədakar həkimin zəhmətləri sayəsində əldə olunmuşdu.

Professor Bulonun tibbi yeniliklərindən biri də xəstələr üçün tibbi dosyelərin yaradılması idi. O, əməliyyatdan sonra xəstələrin vəziyyətinin bu dosyelərdə qeyd edilməsini tələb edir, daha sonra həmin sənədlərdən elmi nəticələr çıxarır və bu elmi nəticələri Belçikada nəşr olunan bir jurnalda çap etdirirdi. Professor Bulonun şagirdlərindən biri olan doktor Şahinfər belə qeyd edir: «Mən 1956-cı ildə Parisə getdim və orada təxminən bir il qaldım ki, tibb sahəsində daha çox məlumat əldə edim, lakin gördüm ki, bizim onlardan heç bir əskik cəhətimiz yoxdur. Onların həyata keçirdiyi bütün əməliyyatları biz də edirdik. Yalnız beyin və ürək əməliyyatları istisna idi ki, bizdə bu imkanlar yox idi. Professor da bu sahə onun ixtisası olmadığı üçün bu işə girişmədi. Yəni biz tibbdə çox irəliləmişdik».

Hidayət qığılcımı.

Professor Bulon İmam Rıza (əleyhis-səlam) Xəstəxanasında xidmət etdiyi müddət ərzində dəfələrlə qeyri-adi və elmi cəhətdən izah olunmayan hadisələrlə qarşılaşmışdı ki, bu da onu dərindən təsirləndirərək düşüncələrə qərq etmişdi. O, ölüm təhlükəsi ilə üz-üzə qalan bir çox xəstənin bu xəstəxanada heç bir elmi səbəb olmadan şəfa tapdığının şahidi olmuşdu. İnsanlardan eşidirdi ki, bu xəstələr İmam Rıza (əleyhis-səlam) tərəfindən şəfa tapmışlar. Bir dəfə bir tibb bacısı deyirdi: «Bir xəstə yuxu aləmində İmam Rıza (əleyhis-səlam) hüzuruna şərəfyab olmuş və şəfa tapmışdı. Professor Bulon şəfa tapmış xəstə ilə birlikdə çox təsirlənmiş və ağlamışdı!» Bu cür qeyri-adi hadisələrlə dəfələrlə üzləşməsi və Məşhəd şəhərinin mənəvi mühiti professor Bulonun daxilində dərin bir ruhani və zehni inqilab yaratmışdı. Uzun müddət İmam Rıza (əleyhis-səlam) hərəminin yaxınlığında xəstələri müalicə edən Bulon, İmam Rıza (əleyhis-səlam) haqqında müəyyən dərəcədə tanışlıq əldə etmişdi, hərçənd bu, mömin bir şiənin kamil mərifəti deyildi. O, yalnız bunu bilirdi ki, şiələrin İmam Rızası (ə) böyük, məşhur və hamının hörmət etdiyi bir şəxsiyyətdir.

İstibsar.

Mərhum Bulon bu möcüzələri və fövqəltəbii hadisələri çox görmüş, qəlbi İmam Rıza (əleyhis-salam) və Məsum Ehlibeyt İmamlarına (onlara salam olsun) tərəf çox yönəlmişdi. O, daxilindəki bu şübhə və “bəlkə”ləri tam hidayət və mərifətə yönəldəcək bir hərəkətverici qüvvə gözləyirdi.

Təxminən 1962-ci ildə, mərhum Ayətullahül-üzma Seyid Muhəmməd Hadi Milani (rəhmətullahi əleyh) mədə xəstəliyinə tutuldu və professor Bulon onun cərrahiyyə əməliyyatının məsuliyyətini öz üzərinə götürdü. Əməliyyat üç saat çəkdi və Ayətullah Milani özünə gələndə, professor Bulon onun dilindən bəzi sözlər eşitdi, amma onların mənasını başa düşmürdü. Buna görə tərcüməçiyə, Ayətullahın özünə gələrkən təkrarladığı bütün sözləri ona tərcümə etməyi göstəriş verdi. Mərhum Ayətullah Milani (rəhmətullahi əleyh) o anlarda Əbu Həmzə Somali duasından hissələr oxuyurdu. Professor Bulon bu duanın uca məzmunu ilə tanış olan kimi dərin təsirləndi və elə həmin məclisdə öz dinini dəyişdirmək qərarına gəldi. Nəql olunur ki, o demişdir: “Mənə şəhadət sözlərini öyrədin, çünki bu andan etibarən İslamı qəbul etmək və bu ruhaninin (Ayətullah Milani) məktəbinə tabe olmaq istəyirəm”. Səbəbini soruşduqda isə professor Bulon dedi: “İnsan öz varlıq quruluşunu, başqaları üçün rol oynaya bilmədiyi tək bir anda, yəni özünə gələrkən göstərir. Mən gördüm ki, bu ağanın bütün varlığı Allahla birləşmişdi. O anda İngiltərədəki Kantenberi kilsəsinin yepiskopu yadıma düşdü. Bir müddət əvvəl o da eyni vəziyyətdə idi və əməliyyatdan sonra onun başında dayanmışdım. Gördüm ki, o, həmin dövr gənclərinin küçə mahnılarını züm-zümə edir. Elə o anda başa düşdüm ki, həqiqət hansı məktəbdədir.” Bu sözlərdən sonra vəsiyyət etdi ki, onu mərhum Ayətullah Milaninin (rəhmətullahi əleyh) dəfn olunduğu şəhərdə torpağa tapşırsınlar.

Nəql olunur ki, bu Allah axtarışında olan həkim bu hadisədən sonra Məşhəd alimlərindən olan Ayətullah Fəqih Səbzevarinin (rəhmətullahi əleyh) yanına gəlir və ondan İslamın və şiəliyin tam təlimini öyrənir. O da professor Bulona “Abdullah” adını verir.

Vəfatı.

Nəhayət, professor Abdullah Bulon ömrünü bəşəriyyətə xidmətdə keçirdikdən sonra, İmam Rızanın (əleyhis-salam) müqəddəs hərəmi yanında və əbədi hidayət səadətinə nail olmaq fərzində, aram bir qəlblə və əmin bir ürəklə, 5 Avqust 1969-cı ildə, 57 yaşında, ürək tutmasından dünyasını dəyişir. Vəsiyyətinə uyğun olaraq, Müqəddəs Məşhəd şəhərində, Xacə Rəbiəbin türbəsinin şərq tərəfində dəfn olunur.