İmam Rızanın (əleyhis-səlam) hərəmində söz verdiyim ki, Şiə olum!

Binalud bölgəsindən olan gənc, cənab Əmin Qasımabadinin şiə olması və İmam Rıza (əleyhis-səlam) vasitəsilə şəfa tapması hekayəsi olduqca maraqlı və düşündürücüdür. O, həyat hekayəsini belə nəql edir:

Mən 1366-cı ildə (şəmsi təqvimi ilə) anadan olmuşam və hazırda Məşhəd şəhərində yaşayıram. Altı yaşımda atamı itirdim. Bundan sonra bizi anamın Binaludda yerləşən evinə apardılar. Anam xalça toxumaqla ailəmizin dolanışığını təmin edirdi ki, bu da nəticədə gözlərinin zədələnməsinə və görmə qabiliyyətini itirməsinə səbəb oldu. Qardaşım da atamın vəfatından bir müddət sonra narkotik maddələrə aludə oldu. Qohum-əqrəbamızın hamısı mənim kimi əhli-sünnə olmasına baxmayaraq, təəssüf ki, bizim vəziyyətimizə və ağır şəraitimizə heç bir əhəmiyyət vermirdilər.

Yeniyetməlik dövründə bir çörəkçidə işləməyə başladım. Çörəkçinin sahibi şiə və son dərəcə mehriban bir insan idi və mənim üzərimdə ata haqqı var idi. Həmişə düşünürdüm ki, şiələrin davranışı əhli-sünnə ilə müqayisədə daha gözəldir.

Zaman keçdi, evləndim, lakin həyat əvvəlki kimi çətinlik və sıxıntı ilə dolu idi.

1390-cı ildə (şəmsi təqvimi ilə) qarınımın sol tərəfində tədricən irinli səpkilər əmələ gəlməyə başladı və zamanla artdı. Bir çox həkimə müraciət etdim, lakin çoxsaylı analizlərə baxmayaraq, həkimlər dəqiq bir nəticəyə gələ bilmədilər. Nəhayət, sümük iliyi analizinin aparılmasını tövsiyə etdilər. Həkim cərrah  analiz nəticəsini gördükdən sonra onun şübhəli olduğunu bildirdi.

Bir müddət sonra nəhayət, xərçəng diaqnozu qoyuldu və dedilər ki, sümük iliyi köçürülməsi edilməzsə, maksimum bir il ömrün qalır, bu əməliyyatın xərci isə olduqca yüksək idi.

Qanımda trombosit olmadığı üçün hər gün bədənimə trombosit vurulurdu.

Xəstəlik dövrü boyunca iş sahibim hər gün məni ziyarət edir və işlərimlə maraqlanırdı. Müalicə xərcləri üçün həyat yoldaşım zinət əşyalarını satdı. İş sahibim isə əməliyyat xərclərini xalqın yardımı ilə qarşılamağı təklif etdi. Əvvəl inanmırdım, lakin bir müddət sonra həm əhli-sünnə, həm də şiə insanların yardımı ilə əməliyyat xərcləri təmin olundu.

Əməliyyata baxmayaraq, həkim daim yaşamaq ümidimin olmadığını bildirirdi. Vəziyyətim çox ağır idi və bir neçə addım belə ata bilmirdim.

Birdən İmam Rızanın (əleyhis-səlam) hərəmini ziyarət etmək fikri ağlıma gəldi. Həkim icazə verməsə də, çox israr etdikdən sonra razılığını aldım və hərəmin yolunu tutdum.

Çətinliklə özümü “Pəncəreye-Fulada” (polad pəncərə) çatdırdım və sınmış qəlblə İmam Rıza (əleyhis-səlam) ilə danışdım. Allahdan soruşurdum:
“Şəfa tapmağım mümkündürmü? Yenidən yeriyə biləcəyəmmi?”

İmam Rızanın (ə) hərəminə gəldiyim zaman bir çox insanın şəfa tapmasına öz gözlərimlə şahid oldum. Orada qəribə bir hiss keçirirdim. Daim beynimdə bir səs deyirdi: “Gəl və şiə ol!” Qərarımı verdim və şiə məzhəbini seçdim.

Öz-özümə dedim: “Bu gündən etibarən mən Şiəyəm.” Namazımı şiələr kimi qıldım və evə doğru yola düşdüm. Dəqiq xatırlamıram, lakin ən azı 15 kilometr yolu piyada getdim. Halbuki bundan əvvəl heç cür yeriyə bilmirdim və hərəmin girişində belə başqalarının köməyi ilə daxil olmuşdum. Mən şəfa tapmışdım, lakin zehnim o qədər məşğul idi ki, bunu dərk etməmişdim. Daim anam haqqında düşünürdüm ki, mən olmasam o nə edər?! Çünki qardaşım ona kömək etmirdi.

Evə çatanda həyat yoldaşım dedi: “Bəs niyə gəldin?”

Dedim: “Bilmirəm.” Danışmağa halım yox idi. Evimiz iki mərtəbəlidir və biz ikinci mərtəbədə yaşayırıq. Hər dəfə evə çatanda iki-üç nəfər məni yorğana büküb yuxarı aparırdı, çünki təkbaşına yeriyə bilmirdim. Həyat yoldaşım soruşdu: “Kimin köməyi ilə yuxarı qalxdın?”
Dedim: “Özüm.” Hər ikimiz təəccübləndik.

Səhəri gün Almaniyadan gətirilmiş bir iynənin mənə vurulması üçün xəstəxanaya getməli idik. Qan analizində trombosit sayının 800 min olduğunu gördülər. Bütün həkimlər təəccübləndi. Həkim dedi ki, yenidən sümük iliyi analizi aparılmalıdır. Analizin nəticəsi gəldi və trombositim 900 min idi. Heç cür inana bilmirdim.

Həkimlər səbəbini soruşdular. Dedim ki, dünən gecə İmam Rızanın (əleyhis-səlam) hərəminə getmişdim və bütün hadisəni onlara danışdım. Elə orada anladım ki, İmam Rıza (əleyhis-səlam) mənə şəfa vermişdir.

Birdən huşumu itirdim. Yuxuda özümü çox gözəl bir şəlalənin kənarında gördüm. Hərəkət etmək istəyirdim, lakin bacarmırdım. Gördüm ki, üzündən ay kimi nur saçan, boynunda yaşıl şal, üzərində ağ paltar olan bir şəxs var. O mənə dedi: “Əlini mənə ver.” Dedim: “Hərəkət edə bilmirəm.”

Sözünü təkrar etdi. Əlimi verdim və birlikdə yola düşdük. Soruşdum: “Bura haradır?” Dedi: “Cənnət kimidir.” Dedim: “Mən burada yaşayacağam?” Dedi: “Xeyr, əvvəlki həyatına qayıdacaqsan və yaxşı bir həyatın olacaq. Sadəcə hərəmdə verdiyin sözə möhkəm dayan və onu əsla unutma.” Dedim: “Hansı söz?” Buyurdu: “Şiə olacağına verdiyin söz.”

İki gün sonra xəstəxanadan evə buraxıldım. Həyat yoldaşım əvvəldən şiə idi. Mən də bu hadisədən sonra onun kimi şiə oldum. Bundan əvvəl bir müddət evdə şiə qaydasında namaz qılırdım. Daha sonra baş verən hadisələrdən sonra məscidə gedib orada namaz qılmağa qərar verdim.

İnsanlar mənim şiə olduğumu eşidəndə mənimlə danışmaqdan çəkinirdilər. Çünki onlara mənimlə danışmağın haram olduğu deyilmişdi. Dostlarım əlaqəni kəsdi, hətta anama deyirdilər ki, oğlun kafir olub. Bəzi insanlar söyüş söyür, mənə zərər yetirir, evimin şüşələrini sındırır və deyirdilər ki, ölüyə sitayiş edir. Hətta Kərbəlaya getmək istədiyim zaman bölgənin mollası anama zəng edib demişdi ki, oğlun ölüyə sitayiş etməyə gedir. Bununla yanaşı, bir çox insanlar da bu qərarı müsbət qarşıladı. O qədər əziyyət çəkdim ki, nəhayət evimi satıb başqa bir yerə köçməyə qərar verdim.

Qohumlarımızdan biri arxamca xoşagəlməz sözlər demişdi. Onun yanına getdim və bu davranışın səbəbini soruşdum. Dedi: “Niyə şiə oldun?” Dedim: “İmam Rızanın (əleyhis-səlam) hərəminə gedib şəfa tapdım.”
Dedi: “Məgər İmam Rıza şəfa verir? O ki, ölüdür.”
Dedim: “İmam Rıza (ə) mənimlə Allah arasında vasitəçi olmuşdur.”

Qardaşım Tehranda idi və hələ də asılılıq problemi yaşayırdı. Şiə olduğumu və şəfa tapdığımı eşidəndə o da mənim ardımca şiə oldu və asılılıqdan qurtuldu. Hazırda Məşhəddə üç narkotik asılılığından xilasetmə mərkəzi (kamp) təsis etmişdir.

Qardaşım şiə olduqdan sonra tamamilə dəyişdi. Uşaqlıq dövründə aramızda elə də yaxşı münasibət yox idi, lakin hazırda əlaqələrimiz çox yaxşıdır. Qardaşım şiə olduğu gündən etibarən daim gecə namazı qılır və Qurani-Kərim tilavət edir. Həmin dövrdən sonra mənim də həyatım dəyişdi və bir çox problemlərim həll olundu.

Mən də bu hadisədən əvvəl hər cür iş görürdüm. Siqaret çəkirdim, narkotik maddələrdən istifadə edirdim və s. Lakin şiə olduqdan sonra bunların hamısını tərk etdim və öz-özümə dedim ki, dəyişməliyəm və əvvəlki Əmin olmamalıyam.

Sonda, üzərində çalışdığım məqsədlərimdən biri budur ki, həyat hekayəmi bütün insanlara danışım və onlara deyim ki, əgər istəyirsinizsə, Şiə olun. Bu məsələ qardaşlarım və bir çox başqa insanlar üzərində təsir göstərmişdir. Yuxuda gördüyüm kimi, həyatım da bərəkətli oldu, həyatımızdakı sıxıntı və çaşqınlıq aradan qalxdı.