Doktor Seyyid İsam Əli Yəhya əl-İmadın həyat yolu.

Doktor İsam əl-İmad yəmən əsilli alimdir ki, 1968-ci ildə anadan olmuşdur. Atası Əli Yəhya əl-İmad və əmisi Əbdürrəhman əl-İmad Yəməndə ən böyük sələfi və vəhhabi alimlərindəndir. Həmçinin, onun qohumları Yəmən və regionda vəhhabiliyin təbliğində öncüllərdən sayılırlar. Hətta atası, əmisi və əmisi uşaqlarından əlavə, onun «Doktor Büşra» və «Doktor Hüda» adlı iki bacısı da Yəməndəki vəhhabi universitetlərində tanınmış müəllimlərdəndir.

İsam altı yaşından vəhhabi məktəblərinə daxil olmuş, bu firqənin elmi məktəblərində və digər təhsil ocaqlarında oxumuş, Yəmənin vəhhabi məktəbləri və məscidlərində fəaliyyət göstərmişdir. O, bir neçə il Yəmən vəhhabilərinin elmi lideri olan və son vaxtlar şiələrin qətlinin vacibliyi barədə fətva vermiş «Muhəmməd İsmail əl-Ümrani»nin yanında da dərs almışdır. Doktor İsam, müəlliminin ehtiramını qorumaqla yanaşı, bu fətvaya qarşı hörmətli və dəlillərə əsaslanan bir məktub yazmış və belə bir fətvanın verilməsinə etiraz etmişdir.

Onun digər müəllimləri sırasında Yəmənin tanınmış vəhhabi alimlərindən «Əhməd Sələmə», «Əbdürrəzzaq əş-Şahəzi», eləcə də şiələrin ən qatı düşmənlərindən olan «Müqbil əl-Vadei»nin adlarını çəkmək olar.

İsam daha sonra təhsilini davam etdirmək üçün Səudiyyə Ərəbistanına getmiş və «İmam Muhəmməd ibn Əbdülvəhhab» Universitetinin Üsuluddin fakültəsində hədis elmləri üzrə doktorluq dərəcəsi almışdır.

Səudiyyədə təhsil aldığı dövrdə vəhhabiliyin ali müftisi Şeyx «İbn Baz»ın xüsusi dərs dairəsinə və qapalı elmi məclisinə yol tapmış, onun seçilmiş, istedadlı və gələcək vəd edən şagirdlərindən birinə çevrilmişdir. Təhsilini bitirdikdən sonra dörd il müddətində «Bab əl-Qaa», «əl-Əsṭi», «Hail Səid» və «əd-Dəvət» məscidlərində cümə və imam camaat vəzifəsini icra etmişdir. Bu müddətdə vəhhabiliyin əsas kitablarını, o cümlədən Məhəmməd ibn Əbdülvəhhabın «Kitab ət-Tövhid» əsərini bu məscidlərdə, məktəblərdə və xüsusilə Cami məscidində tədris etmişdir.

O, elə həmin dövrdə sələfi İbn Teymiyyənin (VIII hicri) məşhur «Minhacus Sünnə» kitabındakı düşüncələrinin təsiri altında şiələrə qarşı «əs-Silətu beynəl-İsnə Əşəriyyə və firəq əl-ğulat» (Şiə ilə ifratçı firqələr arasında əlaqə) adlı kitabını iki hissədə qələmə almışdır: birinci hissə Həzrət Əli (əleyhissəlam) barəsində ittihamlar, ikinci hissə isə ümumilikdə şiələr əleyhinə idi. Lakin xoşbəxtlikdən Doktor İsam bu kitab çap olunmazdan əvvəl on iki imamçı şiə əqidəsini qəbul edir və beləliklə kitab heç vaxt nəşr olunmur.

O, söhbətin əvvəlində bu kitabı yazmasına görə dərin təəssüf hissi keçirdiyini bildirərək mənə dedi:
«İmam Əliyə (əleyhis-səlam) düşmənçilik yolu ilə onun məhəbbətinə çatdım»!

O, digər bir müsahibəsində Həzrət Fatimənin (salamullahi əleyha) məzlumluğu və həqqaniyyətini şiəliyə yönəlməsinin əsas səbəbi kimi göstərərək demişdir:
«Vəhhabilər üçün qəbul etmək çox çətindir ki, haqq Fatimənin (salamullahi əleyha) tərəfindədir, çünki bunu qəbul etməklə özlərini sual altına aparırlar».

İsam əl-İmad Fədəkin qəsb olunması hadisəsinə işarə edərək əlavə edir:
«Bir zaman səhabələrdən biri Peyğəmbərin (salləllahu əleyhi və alih) yanına gəlib dedi ki, bütün malımı vəqf etmişəm. Rəsulullah (salləllahu əleyhi və alih) narahat oldu və buyurdu: sən malının yalnız üçdə birini bağışlaya bilərsən. Belə olduğu halda necə mümkün ola bilər ki, Rəsulullah (salləllahu əleyhi və alih) demiş olsun ki, məndən sonra bütün mirasım sədəqədir?!»

Ağlı başında olan bütün insanlar bilirlər ki, əgər bir şəxs malını vəqf etmək istəsə, bundan ilk xəbərdar olanlar onun övladları olar, nəinki onlara mirasdan bir pay düşməyən dostları və səhabələri! Yalnız ata övladlarının səfeh olduğunu düşündüyü halda bu istisna ola bilər. Səfeh — malı və torpağı qoruyub saxlaya bilməyən şəxs deməkdir. Rəsulullah (salləllahu əleyhi və alih) ağıl sahiblərinin ağası olduğu halda, necə ola bilər ki, bir xəlifəyə malının sədəqə olduğunu desin, amma qızı Fatiməyə (səlamullahi əleyha) deməsin? Düşündüm ki, bəlkə Fatimə (səlamullahi əleyha) səfeh idi, lakin araşdıranda gördüm ki, Peyğəmbər (salləllahu əleyhi və alih) onu aləmin ən kamil qadını adlandırmışdır. O halda bu necə mümkündür?!

Mən Fəxrəddin Razinin kitabında bu sözləri oxuyanda heyrətə gəldim. Həzrət Fatimənin (səlamullahi əleyha) məzlumluğu şiəliyə meylin ən mühüm amillərindən biridir. Mən bu mövzunu «Həzrət Fatimənin (səlamullahi əleyha) məzlumluğunun istibsarda rolu» adlı məqalədə izah etdim.

O, müsahibənin sonunda dedi:
«Vəhhabilər üçün çox çətindir ki, haqqın Fatimə ilə (səlamullahi əleyha) olduğunu qəbul etsinlər. Çünki bununla özlərini inkar etmiş olurlar. Buna görə də mən gördüm ki, bəraətin (zalımlardan üz çevirmək) izahı və isbat olması üçün ən yaxşı yol Həzrət Fatimənin (səlamullahi əleyha) hekayəsini, onun o iki nəfərə (əbubəkr və ömər) qarşı qiyamını və onların vasitəsilə ona edilən böyük zülmü izah etmək, insanlara çatdırmaqdır».

Doktor İsam hədis, rical, İslam tarixi və İslam firqələri üzrə mütəxəssisdir. O, həmçinin müasir İslam hərəkatlarının tanınmış eksperti və Seyyid Muhəmməd Qütb və Muhəmməd Qəzali Misri kimi mütəfəkkirlərin heyranıdır.

Şiəliyi qəbul etdikdən sonra o, əsaslı elmi əsərlər yazaraq, vəhhabiliyin ən köklü təkfirçi ideyalarını daxildən tənqid etmiş, həmçinin çoxsaylı (peyk vasitəsilə, canlı və yazılı) münazarələr keçirmişdir. Bu fəaliyyətləri nəticəsində yüzlərlə, hətta minlərlə haqqı axtaran gənci Əhli-Beyt (əleyhimus-səlam) məktəbinə hidayət etməyə nail olmuşdur. Onların arasında hazırda Qum şəhərində dini təhsil alan qardaşı, bacısı oğlu və üç bacısı da vardır.

Onun ən mühüm münazarələrindən biri Küveytdə vəhhabiliyin lideri və ən bilikli vəhhabi alimlərindən sayılan «Osman əl-Xamis»lə bir il ərzində peyk vasitəsilə aparılmışdır. Və bu münazarələr sonradan «əz-Zilzal» adlı 869 səhifəlik bircildlik kitab halında çap olunmuşdur.

Bu münazarələr ərəb gəncləri arasında böyük maraq doğurduqdan sonra bəzi ərəb qəzetləri belə yazmışdılar:
«Həzimətun fədihəh li şeyxil vəhhabiyyə fil-Kuveyt — Küveytdə vəhhabi şeyxinin rüsvayçı məğlubiyyəti»
(Misir, «Səvt Əl-Beyt» qəzeti, №27).

Bu kitab tədqiqatçılar üçün dəyərli və müasir bir mənbədir. Onun digər əsərləri arasında ki, fars dilinə də həmçinin tərcümə edilmişdir, «Nəqd əş-Şeyx Muhəmməd ibn Əbdülvəhhab minəd-daxil» (Şeyx Muhəmməd ibn Əbdülvəhhabın daxildən tənqidi) və «əl-Minhəcul-cədid vəs-səhih fi-l-hivar məəl-vəhhabiyyin» adlı kitabları qeyd etmək olar. Müəllif bu kitabda (əl-Minhəcul-cədid vəs-səhih fi-l-hivar məəl-vəhhabiyyin) şiə məzhəbinin vəhhabilərə necə təqdim edilməli olduğu sualına cavab axtarır. Bu əsər Mustafa İskəndəri tərəfindən farscaya tərcümə edilmiş və «Gərginliksiz dialoq; anlaşmaya doğru bir addım» adı ilə 144 səhifə həcmində Darul-Ğədir nəşriyyatı tərəfindən çap edilmişdir. Müəllif bu kitabda vəhhabilərlə mübahisədə onları şiəliyə yönəltmək üçün yeni bir metod təqdim edir və həmçinin vəhhabiyyət əqidəsini çox yaxşı bildiyindən, Əhli-Beyt (ə) məktəbinin vəhhabilərə təbliğində üç mərhələli piramidal yanaşmanı izah edir:

Birinci mərhələ: İmamiyyə məzhəbinin bağlılığını və əlaqəsini tanımaqdır (burada vəhhabilərin şiəni “ğulat”la eyniləşdirməkdəki iki əsas səhvi araşdırılır).

İkinci mərhələ: İmamiyyə məzhəbinin incəliklə tanınmasıdır (bu hissədə dörd mühüm həqiqət — uluhiyyət və peyğəmbərlik, şəriət, hədəflər və imamiyyə terminologiyası təhlil olunur).

Üçüncü mərhələ: İmamiyyə məzhəbinin köklü şəkildə tanınmasıdır (burada Əhli‑Beyt (ə) məktəbinin dörd əsas məsələsi — mənbələr, imamət, kimlik və imamiyyənin həqiqəti, həmçinin onun yaranma səbəbləri araşdırılır).

Bu möhkəm və eyni zamanda yığcam əsərin öyrənilməsini — xüsusilə — gənclərə tövsiyə edirəm.