İmam Əlinin (ə) səhabəsi – Maliki Əştər.

Maliki Əştər.
İmam Əli ibn Əbu Talibin (ə) ən məşhur səhabələrindən olan Malik ibn Haris Nəxəi ərəb mənşəlidir. Xalq içində bəzən yanlış olaraq ona “Malik Əjdər” deyildiyi üçün (“əjdər” fars dilində əjdaha deməkdir), fars millətindən olduğu təsəvvürü yaranır.

Əslində isə Yərmuk savaşında gözündən yaralandığı üçün ona “əştər” (yırtıq gözlü) ləqəbini vermişdilər və bu ləqəb sırf ərəb sözüdür. Malik Əştər Həzrət Əlinin (ə) ən sadiq səhabəsi və qoşun sərkərdəsi idi, o həzrətin siyasi mübarizəsində və döyüşlərində fəal iştirak etmişdi. Əli ibn Əbu Talib (ə) Mühəmməd ibn Əbu Bəkri Misrə vali təyin etdikdən sonra onun öz vəzifəsinin öhdəsindən gələ bilmədiyini görüb hicr 38-ci ildə (658-659-cu illər) Malik Əştəri onun yerinə Misrə vali təyin etdi. Lakin bundan xəbər tutan Müaviyə onu Misrə çatmadan aradan götürməyə müvəffəq oldu. Malik Əştər öz vəzifəsinin icrasına başlamaq üçün Misrə qədəm qoyanda Müaviyənin muzdlu əlaltılarından biri özünü Əlinin (ə) tərəfdarı kimi göstərib Malikin etimadını qazandı və Qulzum adlı məntəqədə ona zəhərli şərbət içirərək şəhid etdi. İmam Əli (ə) Malikin şəhadət xəbərini eşidəndə qəm-qüssə dolu bir halda buyurmuşdu:“Həqiqətən də, mən Allahın rəsulu üçün necə idimsə, Malik də mənim üçün elə idi”,  “Malik nə Malik idi? Onu dağa oxşatsam, tək-tənha və vüqarlı olmağına görədir. Onu daşa bənzətsəm, möhkəmliyinə görədir. Bu dağın zirvəsinə heç bir canlı yuksələ bilməzdi; quşlar belə, ondan yüksəyə qalxmağa qadir deyildi” (Nəhcül-bəlağə, 482-ci hikmətli kəlam). Malik Əştərin məzarı Misirin paytaxtı Qahirədən bir neçə km. şimal-şərq məsafəsində yerləşən əl-Xanikə şəhərinin yaxınlığında yerləşir.Müaviyə Malikin şəhadət xəbərini eşitdiyi vaxt dərhal minbərə qalxır ki, özü kimilərinə bu xoş xəbəri çatdırsın! O bu xütbəsində belə deyir: “Ey camaat ,bilin ki ,Əli (ə) ibn Əbi-Talibin iki əli vardı. Bu gün onun hər iki əli kəsilib və əlsiz qalıb. Onun bir əli Əmmar Yasir idi. Əmmar Siffeyn savaşında öldürüldü. Əlinin (ə) digər əli Malik Əştər idi. Bu gün onun ölüm xəbərini aldım. Sevinin, Əli əlsiz qaldı!”

Bəli, Müaviyə nadanlıq səbəbindən Malik Əştəri elə vəsf edir ki ,onun sözləri Malikin məqam və şəxsiyyətini aşkarlayır. Müaviyənin Maliki “Əlinin (ə) ikinci əli” adlandırmasından məlum olur ki, alçaq düşmənlər belə Malik Əştərin Əlinin (ə) ən yaxın və layiqli köməkçisi olduğunu bilirdilər.

İmam Əlinin (ə) Maliki Əştərə yazdığı məktub – fərman.

“Nəhcül-bəlağənin” digər mövzuları kimi əbədilik tapmış parlaq mövzularıdan biri Malik Əştərin məktubudur. Bu məktub həzrət Əlinin (ə) öz vəfalı köməkçisi və böyük səhabəsi Malik Əştər Nəxəiyə tarixi fərmanından ibarətdir. Bu fərman 14 əsr əvvəldən bu günədək İslam tarixi və mədəniyyətində əbədi və insanpərvər bir yazı kimi qorunmuşdur.
Malik Əştərə məktubunda həzrət Əlinin (ə) parlaq nəzəriyyə və düşüncələri o qədər dəqiq bəyan olunmuşdur ki, bu orada Allah qarşısında bəndə, cəmiyyətdə insan, İslam hökmlərinin icrasında məsul, hakim, İslam qanunlarının himayəsində bir fərd olaraq bütün insanların vəzifələrinin bəyan olduğunu iddia etmək mümkündür. Məktubda bütün vəzifələr aydın və dəqiq şəkildə bəyan olunmuşdur. Bu məktubda Malik Əştərə, əslində insana və bəşər tarixinə ünvanlanmış tapşırıqlara doğru-düzgün şəkildə əməl olunarsa, nəinki ictimai ədalət və əminamanlıq, hətta daha üstün nailiyyətlər əldə oluna bilər.
Fərmanın mətni:
“Bu fərman Allah bəndəsi Əli Əmirəl-mö’minin peymanı əsasında Haris oğlu Malik Əştər Misirə hakim seçilərkən ona ünvanlanır. Misir vilayətində Malikin vəzifələri bunlardır: Xərac (vergi) toplamaq, düşmənlərlə cihad, əhali arasında sülh və əmin-amanlıq yaratmaq, şəhərlərin abadlığı.
(Həzrət Əli (ə) hər şeydən öncə Malikə aşağıdakı işləri əmr edir:) İlahi təqva, Allaha itaət yolunu seçmək, Allahın öz kitabında əmr etdiyi sünnə və vacibatlara əməl etmək! Çünki kimsə bu əmrlərə itaət etməmiş səadətə nail olmayacaq, kimsə bu göstərişləri tərk etməmiş bədbəxtliyə uğramayacaq. (Qeybdən faydalanar) Sübhan Allaha əli və dili ilə yardım edən. Çünki Allah Ona yardım edib əziz tutana yardım göstərməyi və əziz tutmağı öhdəsinə götürmüşdür. Ona əmr edər ki ,öz nəfsini azğın istəklərin tərki ilə sındırsın ,azğınlıq etdiyi vaxt cilovunu çəksin. Nəfs daim pisliyə çağırır. Yalnız Allahın mərhəmət nazil etdiyi nəfs istisnadır. Ey Malik, bil ki, mən səni səndən öncə həm ədalətli və insaflı, həm də zalım və sitəmkar hakimləri olmuş şəhərlərə göndərdim. Şübhəsiz, bundan öncə sən hakimlərin işinə diqqətli olduğun kimi, xalq da sənin işlərinə diqqətli olacaq. Sən başqaları haqqında nə demisənsə, indi həmin sözlər sənin haqqında deyiləcək. Fərdlərin Allah tərəfindən xalqın dilinə salınmış yaxşılıq və pislikləri əsasında salehləri günahkarlardan seçə bilərsən. Bəli, sənin üçün ən sevimli ehtiyat saleh əməl ehtiyatı olmalıdır. (Ey Malik) Öz qəlb istəklərinin ağası ol. Özünü sənə halal olmayandan uzaqlaşdır. Çünki xoşladığın və ya xoşlamadığın şeylərlə rabitədə özünü saxlamaq (dayanıb düşünmək) eynən insafdır. Xalqa mehr-məhəbbəti, onlarla dostluğu və hüquqlarına riayət olunmasını qəlbində şüar et. Əhali üçün yediyini qənimət sayan yırtıcı heyvan kimi olma! Çünki əhali iki qismdir: ya sənin din qardaşlarındır, ya da yaranışda həmnövlərin. Onlarda büdrəmələr olur, hansısa çətinliklərlə rastlaşırlar, bilərəkdən və ya bilməyərəkdən pis işlərə yol verirlər. Allahdan öz günahlarına görə əfv intizarında olduğun kimi onlara da güzəşt et, bağışla. Çünki sən onlardan yuxarısan, səndən yuxarı sənə vilayət verən və ondan yuxarı Allahdır. Odur səndən xalqa xidmət istəyən və bu yolla səni sınağa çəkən. Xalqla amansız davranıb, Allahla savaş mövqeyi tutma. Səndə onun əzabı qarşısında dayanmaq gücü yoxdur, onun bəxşişi və mehribanlığından ehtiyacsız deyilsən. (Xalqa münasibətdə) əfv və bəxşişə görə peşiman olma. Cəzalandırmaqdan ləzzət alma, heç vaxt qəzəblənərkən tələsmə (sərt addım atma), olsun ki, çıxış yolu tapasan. Demə ki, bu gün mən onlara hakiməm, mənim işim əmr etmək, onların işi tabe olmaqdır. Çünki belə bir yanaşma eynən fəsadın qəlbə yol tapması, dində zəiflik və nemətlərin kəsilməsinə yaxınlaşmaqdır. Əgər məqam və qüdrətin sənin qəlbində azğınlıq və xülya yaratsa, səndən üstün Allahın əzəmət və qüdrətinə nəzər sal. Onun üstün qüdrətini özünlə və ixtiyarında olmayanlarla müqayisə et. Belə bir ölçü, şübhəsiz, səni yerində oturdar, tündlüyünü cilovlayar və ağlını başına qaytarar. Böyüklük və iqtidarda özünü Allaha oxşatmaqdan çəkin. (Çünki) Allah hər bir təkəbbürlü və asini alçaldır. Allahla insaflı rəftar et. Xalqa, ailənin yaxın üzvlərinə, yaxın qohumlara, rəğbət göstərdiyin rəiyyətə münasibətdə insafı gözlə. Belə etməsən, zülm etmiş olacaqsan. Hər kəs Allahın bəndələrinə zülm etsə, Allah öz bəndələri tərəfindən ona düşmən kəsilər. Hər kəs Allahla düşmənçilik etsə, Allah onun məntiqini alar, belə bir şəxs ölənədək və ya tövbə edib Allah yoluna gələnədək savaş mövqeyində qalar. Allahın nemətlərini zillətə çevirməkdə, Allahın qəzəbini tezləşdirməkdə zülmdən təsirli bir amil yoxdur. (Yəni Allahın bəndələrinə zülm nemətlərin kəsilməsində və ilahi əzabın nazil olmasında bütün digər amillərdən təsirlidir) Çünki Allah məzlumların dua və istəklərini yaxşı eşidir və daim zalımları izləməkdədir. Haqda ən mötədil və ən orta, ədalətdə ən əhatəli, xalqın razılığı yolunda ən münasib işlər sənə sevimli olmalıdır. Şübhəsiz, xalq kütləsinin qəzəbi xüsusi fərdlərin razılığını təsirdən salır. Hansı ki, xalqın razılığı olduqda xüsusi fərdlərin qəzəbi ötürüləcək. Rəiyyətdən olan bir fərdin dolanışıq xərci vali üçün xüsusi zümrənin dolanışıq xərcindən ağır deyil. Onlar çətinlik zamanı xüsusi zümrədən az kömək etmir. Ədalət və insafın icrasında xüsusi zümrədən daha çox narahtdır. Əta və bəxşişlərə münasibətdə xüsusi zümrədən az şükür etmir. Qadağalar və imkansızlıqlarla rastlaşdıqda xüsusi zümrədən daha tez üzr qəbul edir. Çətinliklər zamanı xüsusi zümrədən daha sabitqədəmdir. Dinin dayağı müsəlman toplumu, düşmən üçün ehtiyat qüvvə yalnız xalq kütləsidir. Belə isə, üzünü xalqa tut, onlara yaxınlaş. İnsanlarda daha çox eyb axtaran rəiyyət səndən ən uzaqda dayanmalıdır. Aydın məsələdir ki, (məsumlardan savayı) hamının eybi var. Eybləri örtmək daha çox hakimə layiq olan sifətdir. Xəbərsiz qaldığın eybləri üzə çıxarmağa çalışma. Sənin vəzifən yalnız üzdə olan eybləri aradan qaldırmaqdır. Səndən gizlin qalan işlər haqqında Allah özü hökm verəcək (Qiyamət günü günahkarların örtülü qalmış günahları mühakimə olunacaq.) Bəli, bacardığın qədər xalqın eyblərini ört. Belə etsən, Allah da gizli qalmasını istədiyin eyblərini örtər. Xalqın qəlbində olan kin düyününü aç, daxilində tənhalıq amillərini qır, sənə aydın olmayan məsələdən özünü xəbərsiz göstər, hər xəbərçinin sözünü təsdiqləməyə tələsmə. Xəbərçi nəsihətçi  və xeyirxah libasında gəlsə belə xaindir. Xəsis insanla məsləhətləşmə. Çünki o səni ehsandan çəkindirər, yoxsulluqla qorxudar. Qorxaq adamla məsləhətləşmə. O sənin ruhiyyəni zəifləşdirər. Həris adamla məsləhətləşmə, o zülmlə sənin nəzərində tamahı bəzəyər. Xəsislik, qorxaqlıq, tamahkarlıq böyük Allaha sui-zəndən qaynaqlanan səciyyələrdir. Sənin üçün ən pis nazir o nazirdir ki, səndən öncə şər hakimiyyətdə nazir olub. O əvvəlki hakimiyyətin günahlarına şərik və yardımçıdır. Belələri sənə sirdaş olmamalıdır. Çünki onlar günahkarların həmkarı, zalımların qardaşlarıdır. Sənin ixtiyarında ən üstün insanlar var. Onlar düşüncə və ictimai nüfuz baxımından ətəyi bulaşıqlardan əskik deyil. Bundan əlavə, onlar günaha batmayıb, sitəmkarlarla həmkarlıq etməyib, günahda onlara şərik olmayıb. Onların (Allahpərəstlərin) xərci sənin üçün daha yüngüldür. Onların həmkarlığı üstün, sənə məhəbbətləri artıq, biganələrlə yaxınlıqları azdır. Elə buna görə də onları özünə yaxın et, nazir seç. (Allahpərəstlər arasından), meylin istəsə də, istəməsə də, hamıdan tez haqqı deyən, Allahın bəyənmədiyi işlərdə sənə yardım göstərməyən fərdlərə üstünlük ver. Özünü təqva və sədaqət əhlinə yaxınlaşdır. Onları elə tərbiyə et ki, səni hədsiz tərifləməsinlər, pis iş görmədiyin üçün xoş sözlər söyləməsinlər. Çünki həddi aşan tərif özündən razılığa gətirib çıxarır və insanı təkəbbürə yaxınlaşdırır. Yaxşı əməl sahibi ilə pis əməl sahibinə eyni gözlə baxmamalısan. Çünki belə bir münasibət xeyir əməl sahiblərini xeyirə biganələşdirən, bəd əməl sahiblərini pis işə təşviq edən ən güclü amildir. Hər kəsə işinə uyğun mükafat ver! Bil ki, rəiyyətin vəfadarlığı üçün valinin onlara ehsanı, dolanışıq xərclərini yüngülləşdirməsi, vəzifələri olmayan işə məcbur etməməsi ən təsirli amildir. Demək, sənin proqramın olmalıdır və bu proqram əsasında rəiyyətinə xoşgüman olacaqsan. Bu xoşgümanlıq sənin çiynindən ağır yüklər götürər. Sənə xoş münasibətinə ən çox layiq olan şəxs sənin siyasətini yaxşı bilən, sənin pis münasibətinə ən layiq olan şəxs sənin siyasətini ən pis bilən şəxsdir. Ümmət böyüklərinin əməl etdiyi, ülfət və birliyə səbəb olan, millətin işlərini düzə çəkən heç bir bəyənilmiş sünnənin qarşısını alma! Keçmiş sünnələrə zərər vuracaq yeni qaydalar qoyma. (Bu sayaq sünnələrə qarşı çıxsan) onların banisi mükafatlandırılacaq, sünnəni pozduğun üçün sənə günah yazılacaq. (Din) alimləri ilə ünsiyyətdə çox ol, hikmət sahibləri və mütəxəssislərlə də çox söhbət et! O, sənin məmləkətinin sahmana düşməsi səbəbidir və səndən əvvəlkilər üçün də belə olmuşdur. (Ey Malik) bil ki, xalq dəstələrə bölünmüşdür. Heç bir dəstənin işi o biri dəstəsiz düzəlmir. Heç bir dəstə o biri dəstədən ehtiyacsız deyil. (Bu dəstələr ibarətdir:) Allah qoşunu, ümumi və xüsusi yazarlar (katiblər), ədalətli qazilər, işçilər və qulluqçular, cizyə və xərac əhli. İslamın pənahına sığınan və ya müsəlman olan tacir, sənətkar və aşağı təbəqə üçün Allah pay ayırmış, onu Quran və peyğəmbər sünnəsində müəyyənləşdirib münasib yerində qərar vermişdir. Bu, bir əhd olaraq bizdə hifz olunur.Silahlı qüvvələr Allahın izni ilə rəiyyətin qalası, keşikçisidir. Onlar hakimlərin zinəti, dinin izzəti və əmin-amanlıq vasitəsidir. Allahın qoşunu olmadan xalqın asayişini təmin etmək mümkünsüzdür.

Amma Allahın əmri ilə xalqın malından toplanan büdcə olmasa qoşun möhkəmlənməz. Belə ki, qoşun düşmənlə cihad üçün xərac vasitəsi ilə gücləndirilir. İşin islahı üçün ona istinad olunur və onun vasitəsi ilə ehtiyaclar aradan qaldırılır.

Bu iki dəstə hakim və dövlət məmurlarından ibarət olan üçüncü dəstə ilə nizamlanır. Üçüncü dəstə müqavilələri və müamilələri möhkəmləndirir, vergi toplayır, xüsusi və ümumi işlər qeydiyyatında onlara etimad göstərilir.

Bütün bu dəstələr tacirlər və sənətkarlarsız möhkəmlənə bilmir. Çünki digər təbəqələrin etiyacını məhz onlar öz qüvvələri ilə təmin edir. Başqalarında bu işi görmək gücü yoxdur. Cəmiyyətin başqa bir təbəqəsi möhtaclar və iş qabiliyyəti olmayanlardır. Onlar başqalarının yardım və həmkarlığından bəhrələnəsidir. Allah hüzurunda bütün bu dəstələr üçün qurtuluş var. Onlardan hər birinin gördüyü iş qədərində hakimə haqqı var. Vali (hakim) Allah tərəfindən müəyyənləşdirilmiş vəzifələrini yalnız təlaş və Allahdan yardım diləməklə yerinə yetirə bilər. Asan da olsa, çətin də olsa, özünü, haqqın müdafiəsinə, səbr və dözümə hazırlamalıdır.

Ordu komandanlığına elə birini təyin et ki, o, ətrafındakılar arasında Allaha, peyğəmbər və imamlara hamıdan xeyirxah, daha pak və daha ağıllı olsun. Elə biri ki, gec qəzəblənsin, üzri qəbul etsin, zəiflərə mehriban, azğınlara sərt olsun. Elə biri ki, çətinliklər ona diz çökdürməsin. Sonra ərbablarla mürüvvətli, kərəm sahibləri ilə isti ol. Şəxsiyyətli insanlarla, saleh və müsbət keçmişli ailələrlə, şücaətli və səxavətli fərdlərlə ülfət saxla. Çünki onlar kərəm və xeyir ocaqlarıdır.

Hərbiçilərə elə diqqət yetir ki, valideyn öz övladlarına elə diqqət yetirir. Onların güclənməsi üçün gördüyün işi böyük sayma. Onların əhvalını öyrənmək üçün bəhanə olan heç bir lütfü kiçik sayma. Çünki onları sənə qarşı xeyirxahlığa və xoşgümanlığa vadar edən həmin kiçik lütflərdir. Böyük işlərə xatir qoşunun kiçik ehtiyaclarını nəzərdən qaçırma. Çünki bu kiçik lütflərin xüsusi yeri var, ondan fayda götürüblər. Böyük işlərin də öz yeri var və özlərini həmin işlərdən ehtiyacsız saymırlar.

Sənin üçün ən üstün komandan o kəsdir ki, döyüşçülərinə bərabər həddə kömək edir, öz imkanlarından onlara daha çox əl tutur. Belə ki, onların və ailələrinin işləri idarə olunur və yeganə məqsədləri düşmənlə savaş olur. Sənin onlara məhəbbətin diqqətlərini sənə yönəldir, onları sənə mehribanlaşdırır.

Hakimlərin gözünün ən böyük nuru bütün məmləkətdə ədalətin bərqərar olması, rəiyyətin məhəbbətinin izhar olmasıdır. Şübhəsiz, xalqın dostluğu yalnız valilərə münasibətdə pak qəlblərlə aşkarlanır. Onların xeyirxahlığı o zaman faydalı olacaq ki, öz meylləri ilə hakimin başına toplansınlar və hakimiyyət onlar üçün yük olmasın, hakimiyyət müddətinin uzanması rəiyyətə əzaba çevrilməsin. Belə isə, onların istəklərinə yer ver.

Daim (qoşunu) təşviq et, onların gördüyü mühüm işləri sadala! Çünki şücaətli insanların yaxşı işlərini xatırlatmaq qoşunu daha çox hərəkətə vadar edir. Bu yolla, tənbəllik edənlər işə həvəsləndirilir İnşallah.

Hər kəsin çəkdiyi zəhməti onun öz hesabına yaz. Birinin təlaşlarını o birinin adına çıxma. İnsanın xidmətinin dəyərini olduğundan aşağı endirmə. Bir şəxsin ad-sanı səbəb olmasın ki, onun kiçik işi böyük sayılsın. Eləcə də, bir şəxsin ad-sansızlığına görə onun dəyərli işini kiçik sayma!

Ey möminlər Allaha, Onun rəsuluna və özünüzdən olan əmr sahiblərinə itaət edin. Aranızda ixtilafa səbəb olan məsələni Allah və Onun rəsulunun ixtiyarına verin.

Allahın öhdəsinə buraxmaq dedikdə, Allah kitabının möhkəm ayələrinə əməl etmək, rəsulun ixtiyarına buraxmaq dedikdə isə, peyğəmbərin qəti və yekdil qəbul olunan sünnəsinə əməl nəzərdə tutulur.

Xalq arasında mühakimə üçün ən üstün adamını seç! Həmin adam qəlbi geniş olsun, mübahisə tərəfləri onu qəzəb və sərtliyə vadar etməsin, səhvə yol verdikdə inad göstərməsin, səhv etdiyini gördükdə haqqa qayıdış və etiraf ona çətin gəlməsin, qəlbində tamahkarlığa yola verməsin, bir məsələni anlamaq üçün cüzi araşdırma ilə kifayətlənməsin, ən çox ehtiyat yolunu tutan olsun, dəlilləri müəyyənləşdirməkdə daha çox təlaş göstərsin, müraciətlərin çoxluğu onu yormasın, işlərin açılmasında hamıdan dözümlü olsun, həqiqət məlum olduqda qəti hökm versin, həddi aşan tərif onu aldatmasın, həddi aşan xoş sözlər onu qarşı tərəfə meylləndirməsin. Bəli, belə insanlar çox azdır.

Sonra onlara yetərincə maaş ver! Bu iş onların şəxsiyyətini gücləndirər, xalqın malına əl uzatmaqdan çəkindirər. Bundan əlavə, itaətsizlik göstərsələr və ya əmanətə xəyanət etsələr bəhanələri olmaz.

Sonra doğruçu və vəfalı məxfi məmurlar göndərməklə onların da işini nəzarət altına al! Çünki işlərindəki son araşdırma onları əmanətdarlığa və xalqla mülayim rəftara vadar edər. Böyük diqqətlə öz yaxınlarına nəzarət et! Əgər onlardan biri xəyanətə əl atsa və məxfi məmurlar yekdilliklə bu xəyanəti təsdiqləsə deyilənlərlə kifayətlənib təxirə salmadan xəyanətkarı cəzalandırmalısan. Ona xəyanətinə münasib cəza ver! Sonra onu xar edib yerinə oturt, alnına xəyanət damğası vur, boynundan rüsvayçılıq boyunduruğu as!

Xərac məsələsini elə qaydaya sal ki, xərac ödəyənlərin vəziyyəti düzəlsin. Xərac qaydasına düşsə, cəmiyyətin müxtəlif təbəqələri asayiş və rahatlıq içində yaşayar. Xərac ödəyənlər asayişdə olmasa cəmiyyətin digər təbəqələrinin də rahatlığı pozular. Çünki xalq vergi yeyənlərdən və vergi ödəyənlərdən ibarətdir. Sən vergi toplanmasına diqqət ayırırsan. Amma məmləkətin abadlığına daha çox diqqət yetirməlisən. Çünki torpaqlar abadlaşmamış xərac toplamaq mümkün olmur. Abadlaşdırmaq üçün zəhmət çəkməyib xalqdan xərac tələb edən kəs şəhərləri viran qoymuş, Allah bəndələrini həlak etmiş olur. Belə hökumət qısa bir müddət yaşaya bilər.

Əgər xalq xəracın ağırlığından, suyun kəsilməsindən, quraqlıqdan, sel və quraqlıq nəticəsində toxumun çürüməsindən şikayətlənsə, sən onların vergisini o qədər azalt ki, işlərini səhmana sala bilsinlər.

Vergini yüngülləşdirmək sənə ağır gəlməsin. Çünki bu yüngülləşdirmə şəhərlərin abadlığı, məmləkətinin rifahı şəklində sənə qayıdacaqdır. Bundan əlavə, onlarda özünə qarşı razılıq yaradarsan, onlara münasibətdə ədaləti gözlədiyindən özün də xoşhal olarsan. (Bütün bunlar səbəb olar ki) güclü vaxtlarında sənə kömək edəcəklərinə bel bağlayarsan. Çünki sən onların rifahına səbəb olmusan, onları öz ədalətinə öyrətmisən, onlarla mülayim rəftar etmisən.

Ədalətli hökumətləri,  fəzilətli sünnələri, Qurani-məciddəki zərurətləri, kitablarda peyğəmbərdən nəql olunmuş üsulları yadda saxlamalı, bizim əməl etdiklərimizə və şahid olduqlarına tabe olmalısan.

Çalış, bu fərmanda sənin üçün tənzimlədiklərimə tabe olasan,  göstərişlərimə əməl edəsən. (Ey Malik) Mən bu fərman vasitəsi ilə səninlə əhd-peymanımı möhkəmləndirdim, höccəti tamamladım. Belə ki, əgər nəfsin azğınlıq etsə, həvəs ardınca getsən, bəhanən olmayacaq. Əlbəttə ki, yalnız Allah insanı pisliklərdən hifz edir, ona yaxşılıq tövfiqi verir.

Həzrət Peyğəmbər (s) daim mənə buyurardı ki, namaz və zəkatınıza, qulamlarınızla yaxşı rəftara çox diqqətli olun.

Mən böyük Allahdan diləyirəm ki, sonsuz rəhməti və əzəmətli qüdrəti ilə məni və səni razı olduğuna vadar etsin. Bizim yersiz və aşkar üzrümüzü özü və xalqı qarşısında qəbul etsin. Bəndələr arasında yaxşı adla, şəhərlər və diyarlarda xoş ünvanla, bütün nemətlərlə, böyük izzətlə, səadət və şəhadət sorağıyla ömrümüzü başa çatdırsın. Biz Ondanıq və Ona doğru qayıdacağıq.

Salam olsun Allahın rəsuluna və onun pak ailəsinə. Amin ya Rəbbəl-aləmin.