Mövludunuz Mübarək – İmam Həsən Əskəri (ə)

İmam Həsən Əskərinin (ə) həyatına qısa bir baxış.

İmamət səmasının on birinci parlaq ulduzu Mədinə şəhərində dünyaya göz açmış və Samirra şəhərində şəhadətə yetmişdir. O həzrətin adı Həsən, künyəsi Əbül Mühəmməd, tanınmış ləqəbləri isə “Zəki” və “Əskəri” idi.
Atası həzrət Hadi (ə), anasının adı isə Süsən idi. O həzrət 22 yaşında ikən atası şəhid oldu. Atasının şəhadətindən sonra imamlıq müddəti 6 il, mübarək ömrü isə 28 il çəkmişdir. İmam Həsən Əskəri (ə) hicrətin 260-cı ilində Abbasi xəlifəsi Mötəmid tərəfindən şəhid olunaraq Samirra şəhərində dəfn olundu. Onun yeganə övladı həmin vəd olunmuş həzrət imam Məhdidir (əf) ki, zühur edərək dünyanı ədalətlə dolduracaqdır inşallah.


İmam Həsən Əskərinin (ə) zamanında Həzrətin özü şiddətli nəzarət altında olduğuna görə İslam öz nüfuzunu əldən vermişdi. Hakimiyyətdə olanlar, xüsusilə də Mütəvəkkil, hər hansı yolla olursa olsun, camaatı İmamdan uzaqlaşdırmağa çalışırdı. Çünki hal hazırda qeybdə olub, gələcəkdə isə İslam ümmətinin rəhbərliyini öhdəsinə alaraq vahid dünya hökumətini quracaq on ikinci İmam, İmam Həsən Əskərinin (ə) oğlu olacaqdı. Elə buna görə də İmamı çox güclü nəzarət altıda saxlayırdılar. Lakin Allah-taala, Musanı Fironun sarayında saxladığı kimi, İslam ümmətinin gələcək rəhbərini də gözlərdən uzaq və gizlincə dünyaya gətirdi.

İmam Həsən Əskəri (ə) çox vüqarlı və əzəmətli bir şəxsiyyət idi. O, öz zamanında Quranın misilsiz müfəssiri sayılırdı. Yüz nəfərdən çox məşhur alim o həzrətin məclisində iştirak edirdi. İraqda qaldığı 16 il ərzində Şamdan Mədinəyə qədər olan ərazi o həzrətin nüfuz dairəsində idi. İmamın elmi və mənəvi nüfuzu o qədər böyük idi ki, Abbasi xəlifəsi Mötəzzin sarayında yaşayıb elə orada da işləyən alimlər belə ona heyran qalıb tabe olmuşdu.
İmam (ə) İrana etdiyi səfər zamanı Qum və Rey şəhərlərindən keçərək Ləvasana gəldi. Əhli-beyt məktəbinin tərəfdarları onu sevinclə qarşıladı. Həzrət (ə) Ləvasanda camaatla görüşüb onlara bir məscid tikərək onu öz mərkəzlərinə çevirmələrini tapşırdı. İmamın bu əmri xalqın həyatında o qədər təsiredici və mühüm rol oynadı ki, deyilənə görə hətta bir gündə 70 məscid tikməyə başlanılmşıdı.
Peyğəmbər (ə) xanədanının düşmənlərindən olan və Abbasi aparatında çalışan Əhməd ibn Xaqan adlı bir şəxs belə demişdir: “Mən Samirrada Bəni-Haşim xanədanında nəciblik, böyüklük və fəzilət baxımından imam Həsən Əskəridən başqasını görməmişəm.
Əgər xəlifəlik Abbasilərin əlindən çıxsa, Həsən Əskəridən başqa, heç kim xəlifə olmağa layiq deyildir.“ Daha sonra demişdir: “Bir gün atamın yanında idim. Onun Peyğəmbər xanədanının düşmənlərindən olmasına baxmayaraq, həmişə Həsən Əskəri onun yanına gəldikdə yerindən qalxıb onun əlindən öpər öz yerini ona verər və İmamı müəllim qarşısında duran bir şagird kimi dinləyirdi.“
Əbu Yusif İmamın səxavət və əli açıqlılığı barədə belə deyir: “Mən çətin bir vəziyyətdə idim, belə ki, uşaqlarıma çörək pulu qazana bilmirdim. Hamımız ac və narahat idik. Dəfələrlə Abbasilərin sarayına getmişdim ki, orada olan qohumlarımızdan yardım alım. Lakin onlar o qədər məğrur idi ki, sözümə qulaq asmırdı. Bir gün imam Həsən Əskərinin (ə) hüzuruna gedib vəziyyətimi onun üçün danışdım. Həzrət 400 dinardan ibarət pulunun hamısını mənə verib belə buyurdu: “Get, ailəni ağır vəziyyətdən qurtar!”
Bir dəfə Həzrət iki yüz min dinar Əli ibn Cəfər üçün göndərdi ki, yoxsul və möhtac əshabı arasında paylasın.
Həzrət (ə) altı il davam edən imamlıq müddətinin üç ilini zindanda keçirmişdi, lakin qarşılaşdığı çətinliklər və narahatçılıqlara baxmayaraq həmişə xalqla yaxşı rəftar edirdi. Ən çirkin və qəddar məmurları zindana keşikçi təyin etmişdilər ki, o həzrətə əzab-əziyyət etsinlər.
Lakin onlar İmamın zöhd və ibadətinə heyran qalıb onunla yaxşı rəftar edirdi. Bir gün zindan müdiri bu işlərinə görə onlara etiraz etdikdə belə cavab verdilər: “O, bir insandır; həmişə Allahına ibadət və dua ilə məşğul olan bir insan. Gündüzlər oruc tutur, gecələr də ibadət edir. Bizə nəzər saldıqda isə bədənimiz titrəyir. Bizdən belə bir şəxsiyyətə əziyyət etməyi necə tələb edirsiniz?”
Mütəvəkkilin vəziri Abdullah Xaqan çox qürurlu və etinasız bir adam olmasına baxmayaraq, İmamı görəndə yerindən qalxar və əgər ata minmiş olsaydı, atdan düşərdi. O, İmam (ə) haqqında belə deyir: “Həsən Əskəri gecələr dua və ibadətlə məşğul olan, gündüzlər isə oruc tutan bir şəxs idi. Ürəyi o qədər pak idi ki, hətta düşmənlərini dua etməyi belə unutmazdı. Yoxsul bir adamla qarşılaşanda bütün pulunu ona veərdi.“
Bir dəfə xəlifənin əmrilə İmam Həsən Əskərini (ə) yırtıcı heyvanların yanına saldılar ki, heyvanlar onu parçasın. Lakin yırtıcı heyvanlar o həzrətin ətrafına yığışıb özlərini onun ayaqlarına sürtürdü. Bu səhnəni görən xəlifə onu azad buraxaraq Həzrətə hörmət etmək istədi.
Samirrada bir monastır var idi ki, başçısı xristianların böyüklərindən sayılırdı. O, çox hörmətli bir adam idi. Həmin xristian bir gün İmamın hüzuruna gələrək müsəlman oldu. Ondan müsəlman olmasının səbəbini soruşduqda isə belə cavab vermişdi: “Mən bu kişidə yalnız həzrət İsada mövcud olan nişanələri görmüşəm.”

Bir gün Samirrada quraqlıq baş verdi. Bu zaman Abbasi xəlifəsi Mötəmid camaata əmr etdi ki, dua etmək üçün çölə getsinlər.
Camaat üç gün dalbadal çölə gedib namaz qılıb dua etdi, lakin yağış yağmadı. Sabahsı gün xristianlar öz alimləri ilə birlikdə çölə gedib dua etdilər və yağış yağdı. Neçə gündən sonra yenə də gedib dua etdilər, yenə də yağış yağdı. Bu hadisə müsəlmanları həyacanlandırmışdı və əksəriyyətin ürəyi xristianlara tərəf yönəlmişdi. Bu vəziyyətdən narahat olan Abbasi xəlifəsi Mötəmid bir nəfəri zindana göndərdi ki, imam Həsən Əskərini bu məsələni həll etmək üçün zindandan çıxartsın. İmam (ə) məsələni öyrənən kimi belə buyurdu: “Onlardan sabah da yağış yağdırmaq üçün çölə getmələrini istə!” Sabahı gün İmam (ə) da izdihamla birlikdə çölə getdi. Bu dəfə də xristianlar əllərini qaldırıb Allahdan yağış istədi. Çox keçmədi göydə bir bulud görsənərək yağmağa başladı. İmam əmr etdi ki, əllərini qaldıran bir xristianın barmaqlarının arasındakı şeyi alıb gətirsinlər. Həmin adamın əlini tutub barmaqlarının arasına baxdıqda qara bir sümük gördülər. Sümüyü alıb İmamın hüzuruna gətirdilər. Həzrət onu bir parçaya büküb xristian kişiyə “İndi dua et, yağış yağsın!” – dedi. Xristian kişi əlini göyə qaldıran kimi buludlar çəkilib getdi və günəş çıxdı. Camaatın hamısı heyrətləndi. Xəlifə bu işin sirrini İmamdan soruşduqda İmam belə buyurdu: “Bu sümük parçası Allahın peyğəmbərlərindən birinə aiddir ki, onun qəbrindən götürüblər. Allahı bu sümüyə and verirlər, Allah da həmin sümüyün hörmətinə onların istəyini qəbul edib yağış yağdırır. Hər kəs bu sümüyü əlində saxlasa, yenə elə olar.“ Xalqın qarşısında imtahan etdikdən sonra, İmamın sözü düz çıxdı və hamı o həzrətə afərin dedi.

Həzrət (ə) öz əshabına məktublar yazıb göndərirdi. Həmin məktublardan biri Əli ibn Babəveyh Qumiyə yazılmış məktubdur. Bu məktubun bəzi hissələrinin tərcüməsi belədir: “Allaha həmd və sənadan sonra, sənə bizim əshabımızdan deyə tövsiyə edirəm: pərhizkar ol, camaatın səhvlərini bağışla, öz qəzəbinə hakim ol, qohum-əqrəbanı həmişə yoxla, yoxsulların ehtiyaclarını təmin et, dinini düzgün şəkildə qiymətləndir, Quranı öyrən, namaz və ibadətlərində diqqətli ol! Mənim əmrlərimi yerinə yetirmək və şiələrimi onları həyata keçirməyə dəvət etmək sənin borcundur!”

İmam (ə) dörd yaşında ikən atası ilə birlikdə Samirraya sürgün edilib xəlifənin əsgərlərinin nəzarət altında saxlanıldı. Buna görə də Əskəri ləqəbi ilə məşhur olmuşdur. Atasının şəhadətindən sonra Abbasi xəlifəsi Mötəmidin əmri ilə həbs olundu. İmamın paklığı bütün məhbusları ona tərəf yönəltmişdi və hamı o həzrətə bağlanmışdı. Xəlifənin məmurları hər gün İmamın vəziyyəti barədə xəlifəyə məlumat verirdi. Nəhayət o həzrət (ə) 260-cı hicri ili rəbiül-əvvəl ayının 8-də şəhid oldu və Samirrada atasının yanında dəfn olundu.
Həzrətin şəhadətindən sonra azğın və xəlifənin adamlarından sayılan qardaşı Cəfəri Kəzzab mübarək cəsədə namaz qılmaq istəyirdi. Lakin balaca uşaq olan İmamın oğlu irəli gəlib əmisini dala itələdi və özü onun yerində dayanıb atasının cənazəsinə namaz qıldı. İmam Həsən Əskərinin oğlu olan on ikinci İmamın (ə) “qısa müddətli qeyb” (qeybəti suğra) dövrü elə bu vaxtdan başladı və yalnız xüsusi şiələri onun hüzuruna gəlmək şərəfinə nail ola bilirdi. Lakin Abbasi xəlifələrinin o həzrətin gizləndiyi yeri tapmaq üçün cəhd etdiklərindən sonra onun “uzun müddətli qeyb” (qeybəti kübra) dövrü başladı və o həzrətin inqilab və zühur edəcəyi günə kimi gizli qalacaqdır.