Şəriət hökmləri.

Sual:
Mübarək Ramazan ayında Quran oxuyanlara müraciət edib, ölülərimiz üçün Quran xətm etdiririk və bu işin qarşılığında pul veririk.

Quran oxuyan bir şəxsə ayrı-ayrı şəxslər müraciət edir və məsələn, biri deyir ki, “Mənim beş ölümə bir Quran xətm et”, digəri deyir ki, “Mənim altı ölümə bir Quran oxu” və s. Beləliklə, üç, ya dörd, ya beş fərqli şəxs Quran xətmini sifariş edir. Quran oxuyan şəxs bir Quran xətm edərək, həmin üç, ya dörd şəxs tərəfindən onların ölülərinə hədiyyə edə bilərmi, ya yox ?
Cavab:
Xeyr, olmaz. Yalnız müraciət edənlərin icazəsi ilə bu işi görmək olar.

Sual:
Bir xanım pulla Quran oxuyur və Quran oxumaqla gəlir əldə edir. Xanımın öz dediyinə görə, Quranı təcvidlə oxuyur. Amma başqa bir xanım ona deyib ki, pulla Quran oxuma, çünki düz oxumursan. Suallarım bunlardır:
1) Bu xanım Quranı pul qarşılığında oxuya bilərmi?
2) Əgər Quranın qiraətində səhvləri varsa, aldığı pul ona haram olurmu?
Cavab:
Əgər Quran oxutduran şəxs bu xanımın Quran qiraətindən razıdırsa, bu işin iradı yoxdur. Bunu da qeyd edək ki, qiraətin (yəni oxunuş və tələffüzün) düzgünlüyünün meyarı hərflərin hərəkələrini düzgün oxumaq və sükuna riayət etmək, həmçinin hərfləri öz məxrəcindən tələffüz etməkdir, belə ki, ərəbdillilər başqa bir hərfin deyil, məhz həmin hərfin tələffüz edildiyini söyləsinlər. Təcvid qaydalarına isə riayət etmək vacib deyildir.