Quran, Bəqərə surəsi, ayə 18 və 19-un Nümunə Təfsiri əsasında izahı.

Bismilləhir Rahmənir Rahim!

صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَرْجِعُونَ (۱۸),
Onlar kar, lal və kordurlar – buna görə də (haqqa) dönməzlər (18).

Hər halda bu bənzətmə, sözün əsl mənasında nifaq (ikiüzlülük) mövzusunda bir həqiqəti aydınlaşdırır. O da budur ki, nifaq və ikiüzlülük uzun müddət təsirli ola bilməz. Bu hal, qaranlıq və tufanlı bir səhrada zəif və davamlı olmayan bir alova bənzəyir ki, çox çəkmədən sönür və nəticədə onların həqiqi siması üzə çıxır (18).

أَوْ كَصَيِّبٍ مِنَ السَّمَاءِ فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصَابِعَهُمْ فِي آذَانِهِمْ مِنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ
وَاللَّهُ مُحِيطٌ بِالْكَافِرِينَ (۱۹).
Yaxud onların halı, göydən yağan bir yağışa bənzəyir ki, onun içində zülmət, göy gurultusu və şimşək vardır. Onlar ildırımın (dəhşətli) səsindən və ölüm qorxusundan (heyrətə gələrək) barmaqlarını qulaqlarına tıxayırlar. Halbuki Allah kafirləri əhatə etmişdir (19).

Bu ayədə Qurani-Kərim onların həyat səhnəsini başqa bir şəkildə təsvir edir:
Bu, qorxulu və təhlükəli bir qaranlıq gecədir. Yağış şiddətlə yağır, üfüqdən parlaq şimşəklər çaxır, vahiməli və dəhşətli göy gurultusu qulaq pərdələrini cıracaq qədər güclüdür. Səhranın ortasında pənahsız qalmış bir insan, bu geniş və qaranlıq düzənlikdə çaşqın və azğın vəziyyətdədir. Güclü yağış onu isladır, nə etibarlı bir sığınacaq var ki, ora sığınsın, nə də qaranlıq ona məqsədinə doğru addım atmağa imkan verir.

Qurani-Kərim bu çaşqın yolçunun halını qısa bir ifadə ilə belə təsvir edir:
“Yaxud onların halı, göydən yağan bir yağışa bənzəyir ki, onun içində zülmət, göy gurultusu və şimşək var.”

Sonra əlavə edir:
“Onlar ildırımların vahiməli səsini eşitməmək üçün barmaqlarını qulaqlarına tıxayırlar – ölümdən qorxaraq.”

Ayənin sonunda isə buyurur:
“Allah kafirləri əhatə etmişdir.”
Yəni onlar hara getsələr də, Allahın qüdrətindən kənara çıxa bilməzlər – Onun hökmranlığı altındadırlar.

Nümunə Təfsiri, Cild 1, səh-48.