Əhməd Kəvasi Hənif.

Müstəbsir Əhməd Hənifin həyatı və baxışları – öz dilindən.

Mən Əhməd Hənifəm. Amerikanın cənubunda dünyaya gəlmişəm. Xristian idim. Gözümü bu dünyaya açdım və iyirmi il əvvəl müsəlman oldum. Bir il Sünni idim, sonra Şiə oldum. Həyatım çox rəngarəngdir. Amerika qaradərililərinin hüquqları uğrunda mübarizələrdə keçmiş izlərim var.

Bu mübarizələri Amerikanın özündə aparırdınız?
Bəli, həm Amerikada, həm də Kanadada. Elə həmin mübarizələrin gedişində İslam tapdım.

Cənab doktor Hənif, necə oldu ki, İslama meyl göstərdiniz?
Mən doktor deyiləm, mən sizin qardaşınızam, din qardaşınız.

Yaxşı, qardaş Hənif, İslamı nə üçün üstün gördünüz və müsəlman oldunuz?
Bizim müsəlman olmağımızın hekayəsi Amerika qaradərililərinin həyat şəraiti ilə bağlıdır. Bizim həyatımız və həyat tariximiz çox acıdır. Həyatımızda çoxlu zülm və ədalətsizlik var. Biz bir növ Qərb sivilizasiyasından uzaq düşmüşük, qərbliyik, amma məcburi qərbli, başqa çarəmiz yoxdur.

Xristianlar bu acı tarixin yaranmasında bizim – qaradərililərin – həyatında mühüm rol oynayıblar. Yəni xristianlıq dini siyasi olmadığı və inqilabi də olmadığı üçün bizi zülm sisteminə qarşı yumşaltdı. Elə buna görə xristianlıqdan uzaqlaşdıq və məcbur olduq başqa bir din tapaq.

Bu reallıqla yanaşı, biz kimlik böhranı içində idik. Biz Amerika qaradərililəri artıq afrikalı deyildik və həmçinin həqiqi avropalı da olmadıq, bəs onda biz kimik?

Bizim bütün Afrika kimliyimiz silinmişdi və ondan yalnız parçalar qalmışdı. Belə bir vəziyyətdə İslam dinində özümüz üçün yeni bir kimlik tapdıq. Buna görə də mənim üçün xristianlığı tərk edib müsəlman olmaq nisbətən asan idi.

İslama daxil olarkən nə hiss edirdiniz?
Yadımdadır, müsəlman olmağa qərar verəndə sevinc və həyəcan hissi keçirdim. Çox xoşbəxt oldum, sanki xəzinə tapmışdım.

O gündən bu yana İslamdan çox ləzzət alıram. Hər gün oyandığımda İslamdan ləzzət alıram. İslamda hər bir şeyin dəlili, sübutu var. Qaneedici dəlili var. Biz İslamda öz dinimizin sahibi olduğumuzu hiss edirik.

Xristianlıqda belə deyil, xristianlar dinlərinin sahibi deyillər. Onların ruhani təbəqəsi dinin sahibidir. İngilis dilində bir ifadə var: “Hər müsəlman bir mütəkəllimdir.” İslam azadlıq və paklıq dinidir. Hər müsəlman özü bir ruhani sayılır. Biz İslamda güc sahibi olma hissi yaşayırıq.

Sizcə İslam dünyasında mövcud olan şərait necədir?
İslam dünyasının bir hissəsi Cənub-Şərqi Asiyada texnologiyada nisbi inkişaflara nail olub. İslam dünyasının bir hissəsi – xüsusilə Mərkəzi Afrikada – ali İslam anlayışlarından çox az xəbərdardır, çünki bu anlayışları onlara çatdıracaq cərəyandan uzaq düşüblər. İslam dünyasının bir hissəsi isə Qərbçilik rəngi alıb və İslamdan yalnız şəxsiyyət vəsiqəsində bir ad olaraq istifadə edir.

Sizcə bu mühitin İslam dünyasında hakim olmasının səbəbi nədir?
Məncə bu mühit Qərbin dünya üzərində hökmranlığı dövründə yaranıb. Təxminən iki yüz il əvvəl Qərbin gücü zirvəyə çatanda. Adını çəkdiyimiz yerlərin bir qismi Qərbin istehsal motorları üçün xammal mənbəyi idi. Buna görə müsəlmanlar çox geri qaldılar. Çox kasıb olan ölkələrdə bu gerilik daha da dərinləşdi. Afrikanın bəzi bölgələri çox geri qaldı.

Strateji mövqeyi olan ölkələr isə nisbətən də olsa daha çox inkişaf etdilər, məsələn, Türkiyə. Bu ölkə Avropaya daha yaxın olduğu üçün daha çox inkişaf etdi. Elə bu ölkədə də elə bir proses getdi ki, din zəifləsin, səmərəsiz göstərilsin. Səudiyyə Ərəbistanında din texniki, donmuş, quru və sərt bir şəkildə xalqa təqdim olundu. Səudiyyə Ərəbistanı İslamın mərkəzi olduğu və Məkkənin orada yerləşdiyi üçün sekulyar ola bilməz. Amma bu ölkədə də din çox pis təqdim olunur. Bununla yanaşı iqtisadi sistem bu ölkəni Qərbə bənzər hala gətirib. Səudiyyə Ərəbistanının İslamı bu günün problemlərinə cavab verən İslam, canlı İslam deyil. Yalnız adət-ənənələrdən ibarətdir.

İranda da eyni vəziyyəti yaratmaq istəyirdilər. İran nefti Qərb üçün çox mühüm idi. İstəyirdilər İran da Türkiyə dövləti kimi olsun və İrandakı din Səudiyyə Ərəbistanındakı din kimi olsun.

Niyə İranda dini adət-ənənəyə bağlı, sərt və cəmiyyətdən uzaqlaşmış bir din kimi təqdim edə bilmədilər?
Çünki İranda Şiəlik sünnilik kimi deyil. Şiəlikdə alimlərin mövqeyi çox güclüdür, amma sünnilikdə çox zəifdir. Mərceyi-təqlid və ictihad sistemi dövlətdən müstəqil idi və bu sistem dövlətin əleyhinə çalışa bildi və nəticədə inqilab baş verdi.

Amma bu gün təhlükəli bir dövrdəyik. Qərb hər gün texnologiya baxımından irəliləyir və müsəlmanlar İrana bir model kimi baxırlar.

Biz – kafirlərin ətrafında yaşayan Amerika qaradərililəri – görürük ki, bu texnologiya müsəlmanlar üçün çox təhlükəlidir, çox çətindir. Bu texnologiyanın son məhsulu internetdir. İnternetin 95 faizi çirkin mövzularla doludur. İran xalqı düşünür ki, bu 95 faizlik çirkinliyin qarşısını ala bilər. Amma ala bilməz. İnternet sərhədləri aşıb. Kompüter elə bir şeydir ki, hər bir maneəni aşa bilir. Mən bu texnologiyanın bu ölkəyə nüfuz etməsindən qorxuram.

Xüsusilə İranın gəncləri və yeniyetmələri üçün narahatam. Artıq indidən internetin çirkin təsirləri başlayıb. Mən Qum şəhərində – müqəddəs Qum şəhərində – bir yeniyetmə gördüm. Ağ köynək geyinmişdi və köynəyinin üzərində hicabsız bir qadının şəkli var idi. Şəkil də gözəl bir şəkil idi və hamının diqqətini cəlb edirdi. Amma bu şəkil bir mədəniyyəti, hicabsızlığı, pis bir bəzənmə tərzini insanlara öyrədir. Çünki bu gənc küçələrdə gəzir. Bu gənc təhlükə altındadır. Texnologiya onu əsir edib ki, Qərb mədəniyyətini müsəlmanlar arasında yay­sın.

Bizdə bir məsəldə deyilir ki, əlin beş barmağı bir-birinə bənzəməz. Bir gənc başqalarından fərqli olsa, bunun nə eybi var?
Doğrudur, yaxşı məsəldir. Beş barmaq bir-birinə bənzəmir, amma hər nə olursa-olsun, barmaq barmaqdır. Ayaq barmağı olmağa haqqı yoxdur. Əgər ayaq barmağı olsa, öz xüsusiyyətini itirər.

Müsəlman gənc digər gənclərdən fərqli ola bilər, amma hər nə olursa-olsun, müsəlman gənc olmalıdır, əks halda müsəlman olma xüsusiyyətini itirər. Texnologiya bugün Qərbin xidmətindədir ki, biz müsəlmanlar üçün təhlükə yaratsın.

Cənab Əhməd Hənif, texnologiyanın təhlükəli olması bəhanəsi ilə dünyadakı inkişafa göz yummaq olmaz axı, texnologiyadan istifadə etmək lazımdır!
Bəlkə texnologiyasız yaşaya bilmərik, məsələn, avtomobil kimi. Biz məcburuq maşından istifadə edək, amma maşın ətraf mühit üçün çox zərərlidir. Avtomobilin yaratdığı çirklənmələr uşaqlarımızın gələcəyini məhv edir. Lakin əgər Tehranda maşın olmasa, insanların birliyi və həyatı pozular. Biz məcburuq maşından istifadə edək.

Mən düşünürəm ki, əgər Qərbin dəyər sistemini düzgün başa düşsək, gələcəyimiz daha aydın olar. Əgər bu sistemi yaxşı anlamadan onun texnologiyasını qəbul etsək, Qərb dünyasında həzm olub gedərik.

Bu gün Qərb “qloballaşma” anlayışını ortaya atır. Amerika qloballaşmanın iddiaçısı kimi bütün ölkələri vahid bir mədəniyyətə, vahid bir sosial davranışa və vahid bir həyat tərzinə tabe etdirmək istəyir. Amerika qlobalizmi bəşərin yaşayış məkanı və dünyanın gələcək siması hesab edir.

Biz müsəlmanlar isə iddia edirik ki, biz nəinki Qərb həyat tərzinin şərtlərini qəbul etmədən yaşaya bilərik, hətta iddia edirik ki, Qərbə təsir də göstərə bilərik.

Müsəlmanların tarixi yaddaşını nəzərdən keçirdikdə görürük ki, səlib yürüşlərinin başlanmasından bu müharibələrin sonuna qədər İslam dünyası öz mədəniyyətini Qərbdə üstün mədəniyyət kimi yaymağı bacarmışdır.

Bu günkü dünyada Qərbin bütün kommunikasiya vasitələrinə nəzarət etdiyi bir zamanda, İslam dünyasının yenidən zamanın gedişatında diqqətəlayiq rol oynaya bilməsi mümkündürmü?

Amerika və müasir dünya kommunikasiya texnologiyalarında əvvəlki dövrlərlə müqayisədə çox daha güclü şəkildə çıxış edir. Amma biz Vyetnam müharibəsində görürük ki, vyetnamlılar partizan müharibəsindən istifadə etdilər və nəticədə Amerikaya qalib gəldilər.

Biz də Qərblə mədəni mübarizədə partizan müharibəsi strategiyasını tətbiq etməliyik. Yəni xalqın arasında işləməli və insanları Qərblə mədəni mübarizəyə səfərbər etməliyik.

Biz “internet” və “peyk” vasitəsilə elə bir səviyyədə irəliləyə bilmərik ki, Qərbə qalib gələk. Qərblə mədəni rəqabətin qanununu dəyişməliyik. Elə bir rəqabət forması yaratmalıyıq ki, bu, bizim öz istehsalımız olsun. Bu rəqabətin idarə olunması və icrası bizim öz əlimizdə olsun. Bu rəqabətin qaydalarını özümüz yazmalı və Qərb bu növ rəqabətdən xəbərdar olmamışdan əvvəl onu həyata keçirməliyik.

Biz özümüz fəal rol oynamalıyıq ki, Qərb passiv mövqeyə keçsin və bizə qarşı reaksiya verməyə məcbur olsun.

Bu iş necə mümkündür?

Məncə, xalqla birbaşa əlaqə qurmaq ən mühüm yoldur. Bu rəqabətin və mədəni müharibənin icrasını birbaşa xalqın özünə tapşırmaq lazımdır. Amma biz bunu etmirik. Məsələn, Amerikalı bir tələbə bura gəlir, dərs oxuyur və sonra yenidən Qərbə qayıdır. Elə bir sistem qurmalıyıq ki, o, Qərbə qayıtdıqdan sonra da bu mədəni mübarizədə rol oynaya bilsin.

Amerikadan çox adam gəlib. Amma geri qayıtdıqdan sonra onlar öz taleləri ilə tək buraxılıblar və haradasa bir küncdə, minimum əlaqələrlə dinlərini təbliğ edirlər.

Amerikaya qayıdan tələbələrə heç bir dəstək verilmədi. Onlar orada tamamilə tənha qaldılar.

Cənab Əhməd Hənif! Biz müharibə dövründə bu üsulu sınaqdan keçirdik və uğur qazandıq. Amma soyuq mübarizə hərbi mübarizə kimi hiss olunan və aydın deyil, Əksinə zərif və gizlidir. Soyuq partizan müharibəsi necə aparılmalıdır?

Partizan müharibələrinin üsulu düşmən üçün boşluq və açıq mühit yaratmaqdır. Düşmən gündüz hücum edir, amma hədəfə çatanda görür ki, orada heç kim yoxdur! Əksinə də olur. Partizanlar gecə qəfil şəkildə düşmənin içinə girirlər. Düşmən onun haradan gəldiyini bilmir və ciddi zərbə alır.

Biz mədəni mübarizədə də açıq mühitlər yaratmalıyıq. Küfr mühitində yaşayan insanlar küfrdən beziblər, amma küfrdən qaçanda hara gedəcəklərini bilmirlər. İnqilabdan sonra İran dünyanın bir çox müsəlmanı üçün küfrdən azad və sərbəst bir model kimi görünürdü. Çoxları İranda yaşamaq istəyirdi. Amma bunu bacarmadılar. Çünki İranda hələ də millətçilik mövcuddur. Bir çox müsəlman İslam İnqilabı fenomenini öz ölkələrində yaratmağa çalışırdı.

Biz əvvəlcə İslamı düzgün təbliğ etməliyik. Sonra təhlükəsizlik və inkişafın mövcud olduğu yaşayış məntəqələri yaratmalıyıq ki, kafir bir şəxs İrana gəldikdə – onların küfrü heç kim üçün problem yaratmadan – bu məntəqələrdə qala bilsin və İslamla tanış olsun.

Hazırda Qərb acınacaqlı bir vəziyyətdədir, öz küfrü ilə dolub-daşmaqdadır. Artıq küfrü daşımaq gücü yoxdur. Əgər İslam düzgün təbliğ olunsa, insanlar müsəlman olar, haqqa yönələr. Çünki onlar daha yaxşı, alternativ bir yol tapmağa hazırdırlar. Əgər öz arzularını İslamda görsələr, tez bir zamanda müsəlman olarlar. İnternet belə onların müsəlman olmasına mane ola bilməz.

İnternet kanallaşdırılmış bir əlaqə vasitəsidir və yalnız kompüter ekranı vasitəsilə qarşı tərəfə məlumat ötürür. İnsan isə can atır ki, başqa kanallardan da məlumat alsın. Biz başqa bir kanal tapmalıyıq ki, internetdən kənar məlumatı ona ötürək.

Mən demirəm ki, internetdən və texnologiyadan istifadə etməyək, xeyr. Amma internet və texnologiya üzərində həddindən artıq fokuslanmamalıyıq.

Biz elektron texnologiyaya qarşı insan və zehni texnologiyanı ciddi qəbul etməliyik. Qəlblərlə və ali məfhumlarla nüfuz etməliyik. İnsanlar artıq küfrdən və şeytani texnikalardan yorulublar. İnsan dilini və ali anlayışları çox asanlıqla qəbul edirlər. Bəşəriyyət ali məfhumlara susayıb. Əgər biz bu anlayışları onlara ötürə bilsək.