Əlcəzairli müstəbsir Fəzilə Qəssam.

 

Əlcəzairli müstəbsir xanım doktor Fəzilə Qəssam: Şiə oldum; çünki Şiəlikdə məntiqli və inandırıcı düşüncələr tapdım.

Əlcəzairli müstəbsir «xanım doktor Fəzilə Qəssam» çoxsaylı axtarış və tədqiqatlardan sonra kitab və əsas mənbələrdə özünün əsl etiqadi baxışlarını tanıdı və həqiqətə göz açdı.
O, Fransada yaşayan əslən ələvi bir xanımdır və 24 il əvvəl şiəliyini elan etmişdir. Bundan öncə ata-babalarının yolu ilə gedərək maliki məzhəbli sünni idi. Bu məzhəb qədim dövrlərdən etibarən Əlcəzairdə yayılmışdır.
Bu müsahibə onun Kərbəlanı ziyarət etdiyi zaman aparılmışdır.

Əhli-beyt (ə) məzhəbi ilə necə tanış oldunuz?

Mənim bu məzhəblə tanışlığım dünyada mövcud olan siyasi proseslər vasitəsilə oldu. Bundan sonra Şiəliyin qapıları üzümə açıldı və başlanğıcı da o dövrdəki müxtəlif kütləvi informasiya vasitələri – qəzet, radio və s. vasitəsilə baş verdi. O illərdə tələbə idim və şiə tələbələrlə tanış oldum. Onlar müxtəlif millətlərdən – iranlı, livanlı və başqaları idilər. Məhz burada yeni fikirlərlə qarşılaşdım.

Sonra kitablarda tədqiqat və araşdırma mərhələsinə daxil oldum ki, gizli qalmış həqiqəti tanıyım. Elə bir şəkildə ki, universitet dərslərindən sonra daim kitabxanaların yolunda olurdum və o dövrdə olduqca nadir tapılan fiqh və dini kitabları seçirdim.

1988-ci ildə Həzrət Zeynəbi (ə) ziyarətə getdim. Orada alimlərlə olan görüşlərim əsnasında Əhli-beytə (ə) olan yəqinliyim artdı. Alimlər dini mənə tanıdan məsələləri izah etdilər və mən bu inanca gəldim ki, Şiəlik haqdır və Cəfəri məzhəbinə üz tutdum.

Bu mərhələdən sonra, Uca Allahın lütfü ilə, Şiə olan həyat yoldaşımla evləndim və ondan sonra – dəqiq desək, iyirminci əsrin doxsanıncı illərinin əvvəllərində – təhsilimi davam etdirmək üçün Fransaya getdik və fizika üzrə doktorluq dərəcəsi almağa nail oldum.

Hazırda fizika, riyaziyyat və kimya üzrə dərs deyirəm… Hicab məsələsinə görə, təəssüf ki, orada rəsmi şəkildə işləyə bilmədim.

Haqq məzhəbi axtarma mərhələsinə daxil oldunuz. Nə oldu ki, düşüncəniz Əhli-beyt (ə) sahilində qərar tutdu?

Məsələ təkcə düşüncə, mütaliə və tədqiqat məsələsi deyil, bu həm də qəlb, hiss və vicdani qavrayış məsələsidir. Hiss etdim ki, həqiqi din budur. Çünki qəlbimə yol tapdı və qəlbə daxil olan şey həqiqətin nişanəsidir.

Etiqadların dəyişdirilməsində çoxlu çətinliklərin olduğunu nəzərə alsaq, hansı amillər etiqadlarınızın dəyişməsinə səbəb oldu?

Araşdırmalarım zamanı anladım ki, hər şey inandırıcı, dəlil və sübut əsasında olmalıdır. Əhli-beytin (ə) yanında hər şeyi məntiqli və qaneedici tapdım, başqa məzhəblərdə, xüsusilə də maliki məzhəbində isə bunu əsla tapa bilmirdim. Haqqı axtarmaq və müxtəlif məzhəblərlə tanış olmaq yolunda uzun bir yol qət etdim və nəticədə məni tapdığım həqiqəti tərk etməməyə vadar edən bir qənaətə gəldim. Sünni məzhəbli ailəmin çoxsaylı səylərinə baxmayaraq, heç kim illərlə gizli şəkildə araşdırdığım və bu dərəcədə əminliyə çatdığım bu yoldan məni döndərə bilmədi, çünki bu yolun haqq olduğuna inanmışdım.

Fransaya çatdıqdan sonra nə etdiniz?

Ağlıma gələn ilk fikir ümumi məscidə getmək və orada bacılarla əlaqə qurmaq oldu. Çünki Allah qadınları yalnız evi idarə etmək və övlad tərbiyə etmək üçün yaratmamışdır; əksinə, onlar daha geniş bir dairədə fəaliyyət göstərməlidirlər. Məscidə gedib-gəlməklə müxtəlif millət və xalqlardan olan bir çox insanları tanıdım. Həmd olsun Allaha, bu haqqa dəvət sahəsində yaxşı bir addım oldu. Əvvəlcə məscidin fəaliyyətlərində iştirak etmək istəyimi bildirdim və fəaliyyətlərimə bu yolla başladım.

Fransadakı azad və liberal mühitlə necə uyğunlaşdınız və dinə dəvət sahəsində hansı fəaliyyətləriniz oldu?

Biz bu cəmiyyətdə, xüsusilə də islam geyimi məsələsində, çox çətin şəraitdə yaşayırıq. Lakin mövcud azadlıq imkanlarından geniş şəkildə istifadə etdik və onun vasitəsilə Fransanın cənubunda «Zeynəb Tuluz» adlı bir cəmiyyət təsis edə bildik. Cəmiyyət üçün ayrıca bir məkanımız olmadığından, Əhli-beyt (ə) mərasimlərini keçirmək üçün dəfələrlə sinaqoqu icarəyə götürdük və qadınlara dini təlimlər öyrətdik. Həmçinin ilahi tovfiqlə bəzi kitabları fransız dilinə tərcümə edib bacılar arasında paylaya bildim.

Digər fəaliyyətlərimiz də olub. Məsələn, bəzi məzhəb alimlərini yəhudi və xristian dini liderləri ilə görüşə dəvət etmişik. Eyni zamanda, cəmiyyətlə geniş əlaqələr çərçivəsində «İslam» adlı bir dialoq fürsəti əldə etdik və orada qadınlara təlim verdiyimiz üsulla – yəni birbaşa Şiəliyə dəvət etmədən – İslamı tanıdır, sonra isə addım-addım və tədricən hər şeyi aydınlaşdıran düşüncələri onlara ötürürük, çünki Şiəliyin yeganə həqiqi din olduğunu bu şəkildə izah edirik.