Şagirdin Hidayət nuru Ustadı Şiə etdi!

Sonradan Şiəliyi qəbul etmiş, Pakistan əsilli sünni alim  “Şeyx Hafiz Əli Muhəmməd Fəthəddin Hənəfi”nin həyatına qısa bir baxış.

Həyatının ilk illəri və təhsili.

Əli Muhəmməd Fəthəddin XIX əsrin son iki onilliyi ərzində[1] Pakistanın Pəncab əyalətində yerləşən “Fəth-i Cəng” şəhərində dünyaya gəlmişdir. O, sünni və hənəfi məzhəbli bir ailədə böyüyüb boya-başa çatmış, yeniyetməlik çağlarında dini elmlərin öyrənilməsinə, Qurani-Kərimin oxunuşuna və əzbərlənməsinə başlamışdır. O, nəbəvi (Peyğəmbərə (s) aid) hədislərin əzbərlənməsi və hədis elminin öyrənilməsi sahəsində böyük səy göstərmiş, nəticədə Pakistanın Pəncab bölgəsində öz dövrünün hədis və rical elminin (rəvayət nəql edənlər haqda elm) ən böyük alimlərindən birinə çevrilmişdir. Nəql olunur ki, o, daim belə deyərdi: “Əgər bütün hədis kitabları yoxa çıxsa, mən onların hamısını əzbərdən yenidən yaza bilərəm!” “Hafiz” ləqəbi də məhz bu səbəbdən ona verilmişdi. Çünki əhli-sünnə arasında Qurani-Kərimi tam əzbərləyən və eyni zamanda çoxlu hədisləri əzbər bilən alimlərə “Hafiz” deyə xitab olunur.

Şagirdin hidayət qığılcımı və Şiə olması.

Əslində Əli Muhəmmədin fikri dönüşümünə səbəb olan əsas amil onun məzhəbi təəssübkeşlikdən uzaq, azad düşüncə ilə aparılan elmi dialoqlara olan güclü marağı idi. O, elmi həyatı boyunca müxtəlif dini mövzularda öz tələbəsi, mahir təbib “Əmirəddin ibn Hafiz Muhəmməd Müstəqim Hənəfi” ilə çoxsaylı müzakirələr aparmışdı. Məhz bu müzakirələr onun qəlbində hidayət qığılcımının yaranmasına səbəb olmuşdur.

Hafiz Əli Muhəmmədin şagirdi olmaq şərəfinə nail olmuş Əmirəddin, öz bölgəsində əhli-sünnə içərisində tanınmış ziyalılardan hesab olunurdu. O, tarixi və rical (ravişünaslıq) kitablarının, hədis və təfsir elmlərinin öyrənilməsi və dərki sahəsində geniş biliyə malik idi. Bununla yanaşı, elmi fəaliyyətləri ilə bərabər ənənəvi (sünnəti) tibb sahəsində də xüsusi bacarıqlara sahib olmuş, bölgəsinin mahir təbiblərindən biri kimi tanınmışdır.

Həkim Əmirəddin şiə və sünni məzhəbləri arasında etiqadi müqayisəli mübahisələrə böyük maraq göstərirdi. İslam elmlərində dərin biliyə malik olduğu üçün bu mövzuları öz ustadı Hafiz Əli Muhəmmədlə apardığı müzakirələrdə gündəmə gətirir, ona son dərəcə mühüm və dəqiq suallar ünvanlayırdı. Bu suallar ustadını müxtəlif İslam mənbələrini dərindən araşdırmağa vadar edir, uzun saatlar boyunca onunla müzakirə və dialoqa sövq edirdi. Bu elmi mübahisələr Hafiz Əli Muhəmmədin fikir dünyasında dərin təlatümlər yaratmış və onu haqqı qəbul etməyə hazırlamışdı.

Günlərin birində Əfqanıstanın Herat şəhərindən olan şiə alimi “Şeyx Əbdüləli Hərəvi” Pəncab əyalətində yerləşən “Sərgudha” şəhərinə qonaq gəlir. Əmirəddin həmin şəhərdə yaşadığı üçün onunla bu yeni gəlmiş şiə alimi arasında görüş baş tutur və aralarında elmi və dostluq münasibətləri yaranır. Əmirəddinin geniş elmi biliyi və təəssübkeşlikdən uzaq düşüncəsi onu, iki məzhəb arasındakı ixtilaflı mövzuların açıq şəkildə müzakirəsi üçün əlverişli şəxsiyyətə çevirmişdi. Nəticədə Əllamə Əbdüləli Hərəvi ilə Əmirəddin arasında aparılan müzakirələr, onun təfsir, hədis, rical və tarix mənbələrinə dəfələrlə müraciət etməsi XX əsrin ilk onilliyində Əhli-beyt (ə) məktəbinin haqq olduğuna yəqinlik hasil etməsinə və sünni hənəfi məzhəbindən on iki İmam (ə) şiəliyinə keçməsinə səbəb olmuşdur.

Hidayət.

Hafiz Əli Muhəmməd ilə şagirdi Əmirəddin arasında möhkəm elmi və mənəvi bağlar mövcud olduğu üçün şagirdin istibsar (şiəliyi qəbul etm) macərası ustadına da dərin təsir göstərmişdi. Bu səbəblə onların arasında şiəlik və Əhli-beyt məzhəbi (əleyhimus-səlam) ilə bağlı çoxsaylı müzakirələr baş tuturdu. Əmirəddin, Əllamə Hərəvi ilə müzakirə etdiyi mövzuları eyni şəkildə ustadı ilə də gündəmə gətirərək onun qəlbini Əhli-beyt (ə) nuruna daha çox tanış etmək istəyirdi. Nəhayət, şagirdin səyləri nəticə verdi və fəzilətli, haqq axtaran alim olan Hafiz Əli Muhəmməd ata-baba təəssübkeşliyini kənara qoyaraq 1911-ci ildə şiə məzhəbi ilə bağlı məqsədli araşdırmalara başladı. On il davam edən tədqiqat və incələmələrdən sonra aram bir qəlb və arxayın bir ürəklə Əhli-beyt məktəbinə (əleyhimus-səlam) hidayət oldu.

İstibsardan sonra.

Hafiz Əli Muhəmməd Fəthəddin əvvəlki məzhəbini tərk edib Əhli-beyt (ə) məktəbinə iman gətirdikdən sonra bütün ömrünü öz istibsarının və şiəliyin tarix boyunca bəhrələrini əks etdirən bir kitabın yazılmasına həsr etdi. O, bu əsəri “Fulkun-nəcah fil-imamə vəs-saləh” (İmamət və namaz mövzusunda nicat gəmisi) adlandırdı. Kitabın yazılmasına şiə olduğu il – hicri 1340-cı ilin Ramazan ayında başlamış və onu iki fəsilə bölmüşdür. Birinci fəsildə İmamət məsələsini və İmamın tanınma meyarlarını araşdırmış, əhli-sünnənin bu mövzuda irəli sürdüyü şübhələrə cavab vermişdir. Bu hissəni “Ğayətul-məram fi miyaril-imam” (İmamətin meyarında əsas məqsəd) adlandırmışdır. Kitabın ikinci fəsli isə namaz məsələsi və bu sahədə iki məzhəb arasındakı ixtilaflar, eləcə də digər fiqhi məsələlərə həsr olunmuş və müəllif bu hissəni “Tərtibus-saləh bitətbiqir-rivayat” (Rəvayətlər əsasında namazın tərtibi) adlandırmışdır. Bu kitab şiə və sünni mühitlərində o qədər məşhurlaşmışdır ki, haqq axtaranlar üçün mühüm mənbəyə çevrilmiş və “bərəkətli kitab” kimi tanınmışdır.

Ərəbcə qələmə alınmış “Fulkun-nəcat” kitabı müəllifin şagirdi Şeyx Əmirəddin tərəfindən elə ilkin dövrdə ordu dilinə tərcümə edilmiş və 1925-ci ildə çap olunmuşdur. Kitabın ilk nəşri elə formada olmuşdur ki, hər səhifənin sağ tərəfində ərəbcə mətn, sol tərəfində isə həmin mətnin orduca tərcüməsi verilmişdir. Qeyd etmək lazımdır ki, Şeyx Əmirəddin tərcümə əsnasında ustadının əsərinə çoxlu əlavə məlumat və mənbələr daxil etmiş, bu da kitabın elmi baxımdan daha da zənginləşməsinə səbəb olmuşdur.

Vəfatı.

Nəhayət, Əhli-beytə (əleyhimus-səlam) könüldən bağlı bu alim haqq kəlməsini tapmaq yolunda elmi mücadilələrlə dolu bir ömür sürdükdən sonra 1952-ci ilin noyabr ayında, hicri 1371-ci ildə dünyasını dəyişmiş və Pakistanın Pəncab əyalətində yerləşən “Fəth-i Cəng” rayonunun “Çand” kəndində dəfn olunmuşdur. Nəql olunur ki, onun məzarı böyük bir daşla bəzədilmiş, ətrafına ağaclar əkilmiş və möminlərin ziyarətgahına çevrilmişdir[2].

[1] 1880–1900-cü illər və hicri-şəmsi 1260–1280-ci illər arası
[2] “Fələkün-nəcat” kitabından nəql, səh. 3–4