Ticarət (alış-veriş) məsələləri – Şəriət Hökmləri!

Sual: Bir şəxs xarici ölkənin şirkətində məhsul ticarəti ilə məşğuldur. Mənə təklif etdi ki, mən ona pul verim və o mənim pulumla həmin şirkətdə ticarətlə məşğul olsun və müəyyən müddətdən sonra mənim pulumu faizlə birlikdə geri qaytarsın. Buradan gələn gəlirin hökmü nədir?

Cavab: Əgər bu iş şəri müqavilələrdən biri (məsələn, müzaribə) şəklində olarsa, iradı yoxdur. Qeyd edək ki, müzaribə müqaviləsi sərmayəni ticarətdə işlətməkdir. Bu müqavilədə sərmayə sahibinin və ticarət işini görən şəxsin gəlirdən olan payının kəsr və ya faiz bölgüsü, məsələn, yarı-yarıya, yaxud üçdə bir və üçdə iki bölgüsü şəklində müəyyən edilməsi şərtdir. Əlbəttə, əgər ticarət işini görən şəxs hər ay müəyyən məbləğ pulu sərmayə sahibinin payı qarşılığında ümumi olaraq ona versə və müzaribə müqaviləsi başa çatdıqda əldə edilən gəlir barəsində razılığa gəlsələr, bunun iradı yoxdur. Həmçinin əgər müqavilə bağlanarkən şərt qoyulsa ki, sərmayəyə ziyan dəydikdə ticarət işini görən şəxs bütün sərmayəni və ya onun bir miqdarını ödəyəcəkdir, bu şərtin də iradı yoxdur.

Sual: Mənim üç sualım var:
1) Biz kreditlə avtomobil alırıq, sonra onu şirkətə veririk. O da avtomobilləri taksi xidməti üçün istifadə edir və qazancından hər ay bizə pul verir. Biz bu pul ilə həm krediti ödəyirik, həm də qazanc əldə edirik. Bu işdən gələn qazanc halaldırmı?
2) Bu iş müzaribə sayılırmı?
3) Əgər bir şəxs bu işdə bizə kömək etsə, həmçinin öz qazancı məqsədilə bizə borca pul versə və biz də qazancımızdan həm o şəxsin borcunu qaytarsaq, həm də üstündə bir miqdar qazanc və ya hədiyyə ünvanında ona artıq pul versək, bu, halal sayılırmı?
Cavab: 1) Bu işin öz-özlüyündə maneəsi yoxdur.
2) Müzaribə deyildir.
3) Əgər şəri müqavilələrdən (məsələn, şəriklik, vəkalət və s.) biri şəklində olarsa və həmin müqavilənin şəri şərtlərinə əməl olunarsa, bunun maneəsi yoxdur. Əks halda, buna icazə verilmir.

Sual: Mənim bir obyektim var və onu yazılı müqavilə əsasında iki il müddətinə bir şəxsə icarəyə vermişəm. Bu şəxs bir müddət orada çay satdı, amma sonradan fikrini dəyişib oranı şərab evi etdi. Mən nə qədər etiraz etsəm də, dedi ki, mən şərab satacağam. Qeyd edim ki, orada başqa şeylər də (çay, şirniyat, yemək və s.) satılır. Bu şəxsi iki ildən tez obyektdən çıxartmağım heç cür mümkün deyil. Əvvəldən onunla bu barədə şərt də kəsməmişəm. O, mənə aylıq icarə pulu verir. Mən bu pulu nə etməliyəm? Bu pulun hökmü nədir?
Cavab: Suala əsasən, siz o obyekti spirtli içkilərin satılması üçün icarəyə vermədiyinizə görə, aldığınız icarə pulu halaldır.