Professor Muhəmməd Leqenhauzen.

 

Professor Qari Karl (Muhəmməd) Leqenhauzen.
Ölkə: Amerikalı.
Əvvəlki məzhəb: Katolik xristian.

Qari Karl (Muhəmməd) Leqenhauzen (3 may 1953, Nyu-Yorkda anadan olmuşdur) məntiqə giriş, fəlsəfəyə giriş, estetika, elm fəlsəfəsi, əxlaq elmi, din fəlsəfəsi və metafizika üzrə professor, Cənubi Texas Universitetində Müsəlman Tələbələr Cəmiyyətinin banisi və İmam Xomeyni Tədris və Tədqiqat İnstitutunun elmi heyətinin üzvüdür. O, 1979-cu ildə Texas ştatında yerləşən LAS Universitetindən magistr dərəcəsi almışdır. Professor Ləqenhauzen on il Cənubi Texas Universitetində dərs demişdir. Cənubi Texas Universitetində dərs dediyi dövrdə müsəlman tələbələrlə tanışlıq nəticəsində İslama meyl etmişdir. 1990-cı ildə Hikmət və Fəlsəfə Cəmiyyətinin dəvəti ilə İrana səfər etmiş və burada dərs deməyə başlamışdır. O, 1993-cü ildən bu günə qədər Baqirul-Ülum Universitetində və İmam Xomeyni Universitetində müəllim kimi fəaliyyət göstərmiş, həmçinin Tərbiyət-i Müəllim və Müfid universitetlərində də dərs demişdir. 1389-cu ildə (şəmsi təqvimi ilə) fəlsəfə sahəsində “Çehreye Mandeqar” (Qalıcı Simа) seçilmişdir.

Professorla İslam və şiəliklə tanışlığı haqqında bir müsahibə aparılmışdır ki, olduqca maraqlı və gözəldir. O, əvvəlcə deyir:

“Mən 1953-cü ildə, yəni şəmsi təqvimlə 1332-ci ildə ABŞ-da katolik xristian ailəsində dünyaya gəlmişəm. Təhsilimə katolik məktəbində başlamışam, lakin həmişə xristianlıqla bağlı suallarım və şübhələrim olub. Xatırlayıram ki, orta məktəb dövründə belə bir nəticəyə gəldim ki, Həzrət Məsih Allah deyil və həmçinin üçlüyü (təslis) mənə öyrətdikləri kimi qəbul edə bilmirdim, amma yenə də özümü xristian hesab edirdim. Daha sonra Nyu-York Ştat Universitetində, Avbani şəhərində (Nyu-York ştatının inzibati və universitet mərkəzi) təhsil almağa başladım və orada xristian dininə olan marağımı itirdim və dinsiz oldum.

Bu vəziyyətdə ikən magistratura üçün Texasdakı LAS Universitetinə qəbul olundum. Məzun olduqdan sonra Cənubi Texas Universitetində dərs deməyə başladım və orada bir sıra müsəlman tələbələrlə tanış oldum. Onların arasında İran, Livan, Pakistan, Fələstin, Səudiyyə Ərəbistanı, İordaniya və Nigeriyadan olan tələbələr var idi. Onların müxtəlif məsələlərə baxışı mənim üçün maraqlı idi. Düşünürdüm ki, onlar dinə elə bir tərzdə baxırlar ki, mən bunu heç vaxt yaşamamışdım. Bu məsələ məni daha çox araşdırmağa sövq etdi. Universitet rəhbərliyi mənə istədiyim dərsi seçib tədris etmək səlahiyyəti vermişdi və mən din fəlsəfəsini seçdim. İki semestr bu dərsi tədris etdim və eyni zamanda böyük dinləri tələbələrlə birlikdə nəzərdən keçirdik. Bu dərslər zamanı tədricən İslama yaxınlaşırdım və nəhayət İslamı qəbul etdim.”

Zəhmət olmasa, müsəlman olmağınızın necə baş verdiyini, İslamı necə qəbul etdiyinizi və o vaxt hansı ruhi-psixoloji vəziyyətdə olduğunuzu daha ətraflı izah edin.


“Mənim müsəlman olmağım dini təbliğlə məşğul olanlar üçün mürəkkəb bir hekayədir, çünki burada elmi, emosional və digər müxtəlif amillər rol oynamışdır. Cənubi Texas Universitetində dərs dediyim dövrdə Əkbər Nöcəhdəhi adlı iranlı bir tələbə ilə tanış oldum. O, ‘Fəlsəfəyə giriş’ dərsini mənimlə oxuyurdu. Əkbər iki həftə dərsə gəlmədi. Nəhayət onu universitetin ofisində gördüm və soruşdum ki, niyə dərsə gəlmirsən? Dedi: ‘Bizim xalqımız İranda inqilab edib və məncə burada olan tələbələrin bu barədə düzgün məlumat alması çox vacibdir. Buna görə də bu inqilabı tanıtmaq üçün çalışmalıyam və bu səbəbdən dərsə gələ bilmirəm.’ Mən onun sözlərini təsdiqlədim və dedim ki, bu doğrudur, amma sənin dərs oxumaq kimi bir vəzifən də var. Sonra onunla razılaşdım ki, İran inqilabı haqqında təbliğat və məlumatlandırmanı tələbələr arasında mən üzərimə götürüm, o isə dərslərini oxusun. O da qəbul etdi. Bu hadisədən sonra dost olduq və müxtəlif işləri birlikdə gördük. Nəhayət o, bakalavr dərəcəsini aldı və İrana qayıtdı. Daha sonra eşitdim ki, cəbhəyə gedib və orada şəhadətə çatıb.

Əkbərlə etiqadları barədə müzakirələr aparırdıq. O, yaxşı tələbə idi, çox səmimi danışırdı və ciddi etiqadlara malik idi, inancında heç bir şübhəsi yox idi. Əkbərlə tanış olandan sonra təxminən üç il keçdi və bu müddətdən sonra müsəlman oldum. Həmin dövrdə məscidlərə gedir, müsəlmanlarla söhbət edir və tədricən İslamın cazibələrini daha yaxşı dərk edirdim. Mənim məqsədim yalnız İslam haqqında elmi iş görmək idi və müsəlmanların düşüncə tərzinə maraq göstərirdim. Amma istəmədən, nə qədər çox araşdırırdımsa, bir o qədər də İslama marağım artırdı. Namaz qılmağı öyrənmişdim və bəzən namaz qılırdım, xüsusilə camaat namazını çox sevirdim. Lakin hələ şəhadət gətirməmişdim. Bir gün cümə namazından sonra məscidin dayanacağında bir neçə amerikalı qaradərili müsəlman mənə yaxınlaşıb tanış olmaq istədiklərini dedilər və İslamla necə tanış olduğumu soruşdular. Mən onların yanında şəhadət gətirdim və rəsmi olaraq müsəlman oldum və ağladım. Onlar çox sevindilər və elə həmin gün mənə təklif etdilər ki, onların imamı olum. Qərara gəldik ki, birlikdə daha çox əməkdaşlıq edək. Daha sonra onların köməyi ilə Cənubi Texas Universitetində Müsəlmanlar Cəmiyyətini yaratdıq. Oradakı qrupumuzun əksəriyyəti sünni idi, amma mən əvvəldən heç vaxt tərəddüd etmirdim ki, şiə olum ya sünni, çünki “Nəhcül-Bəlağə”ni oxumuşdum və ya şiə İslamını qəbul etmək, ya da dinsiz qalmaq istəyirdim.”

Amerikalı qaradərili müsəlmanlarla görüşdən dərhal sonra necə oldu ki, şəhadət gətirdiniz və rəsmi olaraq müsəlman oldunuz? Orada xüsusi bir hadisə baş verdimi? “Xeyr, bu bir anda baş vermədi. Ondan əvvəl İslam haqqında çox düşünmüşdüm. Lakin bu amerikalı müsəlmanlarla görüşüm İslamı qəbul etməyimə təkan verdi. Yəni onlardan əvvəl artıq müsəlman olma mərhələsində idim və İslama çox yaxınlaşmışdım. Onların ixlası mənim üçün xoş idi və məni İslamı qəbul etməyə təşviq edirdi.”

Rəsmi olaraq İslamı qəbul etdikdən sonra gündəlik həyatınızda hansı dəyişikliklər baş verdi və İrana gəlmək qərarını necə verdiniz?
“Müsəlman tələbələrin sayı artmışdı və bu səbəbdən universitet rəhbərliyi ilə müəyyən ixtilaflarım yaranmışdı. Onlar məni universitet idarəçiliyinə cəlb etmək və kağız-kuğuz işləri ilə məşğul etmək istəyirdilər, amma mən yalnız dərs demək istəyirdim. Buna görə də İrana gəlmək qərarına gəldim.

İranlı tələbələrdən biri məni o vaxt BMT-də İranın səfiri olan doktor Xərazi ilə tanış etdi. Bundan sonra universitetdən istefa verdim və ciddi şəkildə İrana gəlmək qərarına gəldim. Məqsədim iki il İranda qalmaq, İslam fəlsəfəsi haqqında bir şeylər öyrənmək və İslamı daha yaxından tanımaq, sonra yenidən Amerikaya qayıtmaq idi.

Doktor Xərazinin köməyi ilə Tehran Hikmət və Fəlsəfə Cəmiyyətindən dəvət məktubu alındı və İrana gəlməyim qərarlaşdırıldı. Doktor Xərazinin ofisində təsadüfən Ayətullah Misbahı gördüm. O vaxt ABŞ-a səfərdə idi. Orada onunla tanış oldum, doktor Xərazi də məni ona təqdim etdi və söhbət etdik. Sonda Ayətullah Misbah məndən Quma gəlməyimi və o vaxt Baqirül-Ülum Fondu adı ilə fəaliyyət göstərən İmam Xomeyni (r) İnstitutunda çalışmağımı istədi.

Mən ona dedim ki, rəsmi dəvət məktubu göndərsələr, gələ bilərəm. Amma mən onun dəvətini gözləyə bilmədim və Tehran Hikmət və Fəlsəfə Cəmiyyətinə getdim və doktor Əvani ilə İslam fəlsəfəsini öyrənməyə başladım. O, bu sahədə mənim üçün çox zəhmət çəkdi.

İrana gəlməzdən əvvəl bir qədər fars dili oxumuşdum, amma kimsə mənimlə hal-əhval tutanda cavab verə bilmirdim və farsca danışmaq mənim üçün çətin idi. Doktor Əvani təklif etdi ki, fars dilim möhkəmlənsin deyə İslam fəlsəfəsini farsca kitablarla başlayaq. Buna görə də İslam fəlsəfəsini Sührəvərdinin fəlsəfi risalələri ilə öyrənirdim, bu isə, bəzən dostların gülüşünə səbəb olurdu.

Bir müddət sonra doktor Əvani dedi ki, əgər fəlsəfəni yaxşı öyrənmək istəyirsənsə, həmin Sührəvərdi risalələrini ərəb dilində də oxumalıyıq. Beləliklə, deyirlər ki, Sührəvərdi həmin üç fəlsəfi risaləni həm ərəb, həm də fars dillərində yazmışdır, biz onları yenidən oxuduq və bu, çox möhtəşəm idi.”

Amerikalı olduğunuz halda İranda “Çehreye Mandeqar”(Qalıcı Simа)  kimi seçilmək sizdə hansı hissləri doğurur?
“Bu mənim üçün böyük bir şərəfdir. Qürur hissi keçirirəm. Əvvəlcə Allaha şükür edirəm ki, bu ölkədə xidmət göstərə bildim. İranda məsul şəxslərin məni dəyərləndirməsinə görə təşəkkür edirəm. İran xalqı mənə qarşı müsbət münasibət göstərir və bu səbəbdən özümü daha məsuliyyətli hiss edirəm və ümid edirəm ki, daha çox xidmət edəcəyəm.”

Uğurunuzun ən əsas səbəbini nədə görürsünüz?
“Allahın lütfüdür (bir qədər fasilə verir). Keçmiş həyatımı nəzərdən keçirdikdə çoxlu yanlış və səhvlər etdiyimi görürəm, amma Allahın lütfü ilə yol mənim üçün açıldı.

Təxminən 12 il əvvəl Həcc səfərində idim və bütün işlərim alt-üst oldu, pasportum itdi, karvan məni Ciddə şəhərində qoyub getdi və karvandan ayrı düşdüm. Atdığım hər addımda yeni bir çətinliklə üzləşirdim, amma hamısı həll olurdu və elə həll olurdu ki, sanki Həzrət Musa (əleyhis-salam) üçün dənizin yarılması kimi problemlər də mənim qarşımdan çəkilirdi. Mən özüm bu problemlərin öhdəsindən gələ bilmirdim, amma onlar həll olurdu. Bunu ona görə deyirəm ki, bilin ki, mənim uğurum Allahın lütfüdür və mənim öz işim deyil.

Həmişə görmüşəm ki, özüm irəli gedə bilmirəm, amma Allah mənim üçün yolu açır. Elə həmin Həcc səfərində, Məkkədən İrana qayıdanda biletim karvan rəhbərinin cibində qalmışdı və o bizdən əvvəl İrana qayıtmışdı. Hava limanı əməkdaşlarına dedim ki, biletim yoxdur. Dedilər ki, bəs necə təyyarəyə minəcəksən? Karvan rəhbərinin adını deyəndə sevinclə dedilər: ‘O, mənim dostumdur’ və dərhal ona zəng etdilər. Biletin onun yanında olduğunu dəqiqləşdirəndən sonra dedilər ki, problem yoxdur və mən biletsiz təyyarəyə mindim. Bu çox qəribə bir hadisə idi. Mənim Həccim əvvəldən axıra qədər belə idi və düşünürəm ki, bütün həyatım da elə bu cürdür. Bu Həcc mənim üçün Allahdan bir işarə idi. Allah göstərdi ki, sizin heç bir gücünüz yoxdur və bütün işlər Allahın əlindədir.”

Əgər müsəlman olmasaydınız, indi harada olardınız və nə işlə məşğul olardınız?
“Allah bilir. Təsəvvür belə edə bilmirəm ki, nə olardı. Bəzən bu məsələni oğlumla müzakirə edirəm. Oğlum həmişə deyir: ‘Ata, əgər siz müsəlman olmasaydınız, mən ümumiyyətlə mövcud olmazdım!’”

Əgər keçmişə qayıdıb həyatı yenidən yaşamaq mümkün olsaydı, hansı dəyişiklikləri edərdiniz?
“Keçmişdə etdiyimiz səhvlərdən, günahlardan çəkinə bilsəydik, çox yaxşı olardı. Bu da oğlumla apardığım müzakirələrdəndir. Ona deyəndə ki, kaş keçmişə qayıda biləydik və bu səhvləri etməyəydik, o deyir: ‘Əgər siz o səhvləri etməsəydiniz, yəqin ki, başqa səhvlər edərdiniz.”

Həyatınızda nəyə daha çox bağlısınız və nəyə daha çox önəm verirsiniz?
“Uşaqlıqdan bəri axtardığım əsas şey həqiqəti kəşf etmək olub. Atam həmişə israr edirdi ki, özümüz düşünməliyik və həqiqəti özümüz tapmalıyıq, siz həqiqət axtaran olmalısınız. Mənim üçün çox vacibdir ki, çalışaq və həqiqəti kəşf edək. Bu, həyatımın ən mühüm məsələsidir və həmişə bu barədə düşünürəm.”

Müsəlman olduqdan sonra yaxınlarınızdan və ya dostlarınızdan sizin vasitənizlə müsəlman olanlar olubmu?
“Müsəlman olduqdan sonra bir çox dostlarım mənimlə əlaqəni kəsdi. Çünki əsasən İranda olduğum üçün əvvəlki yaxınlarımla əlaqəm çox deyil. Bir neçə nəfər müsəlman olub, amma onlar mənim yaxın dostlarım deyildi. Bununla belə, bir çox insan deyib ki, mənim əsərlərimi oxuduqdan sonra İslama maraq göstəriblər və bu barədə daha çox araşdırmaq istəyiblər.”

İran xalqı haqqında fikriniz nədir və onlarla əlaqəniz necədir?
“Mən müxtəlif təbəqələrlə geniş əlaqədə deyiləm, əsasən tələbələr, ruhani tələbələr və müəllimlərlə elmi əlaqələrim var. Amma iranlıları çox sevirəm və İranda yaşamağa üstünlük verirəm. Mən çox xoşbəxt olmuşam ki, burada müzakirə zamanı dar düşüncəli olmayan tələbə və müəllimlərlə rastlaşmışam. Qərb düşüncələri də daxil olmaqla müxtəlif məsələləri müzakirə edirik və həqiqətən maraqlı insanlardır. Burada tanış olduğum tələbələrin gələcəyinə nikbin baxıram və inşallah gələcəkdə xalqın dini həyatının inkişafında mühüm rol oynayacaqlar.”

Həyatınızda çatmaq istədiyiniz, lakin hələ çatmadığınız bir arzu varmı?
“Mənim arzularım daha çox elmi məsələlərlə bağlıdır. Hal-hazırda bəzi yazılarım var və onları tamamlayıb nəşr etməklə Şiə məzhəbinə xidmət etmək istəyirəm. Məsələn, müxtəlif mövzularda məqalələrim var, Peyğəmbər (salləllahu əleyhi və alihi və səlləm) haqqında və ‘Şiə məzhəbində Allah anlayışı’ mövzusunda yazılarım mövcuddur ki, Şiə düşüncəsinin müxtəlif cəhətlərini tanıdır. Allah nəsib etsə, Şiəliyi dünya xalqlarına tanıdan bir kitab yazmaq istəyirəm. İbn Sina haqqında da məqalələr yazmışam və ümid edirəm ki, bunları toplayıb kitab şəklində nəşr edəcəyəm.”