HƏZRƏT İMAM HÜSEYN (ə) IN VƏFALI SƏHABƏLƏRİ

 

Mənəviyyatın parlaması cəhətindən baxsaq, dəfələrlə vurğulanıb ki, çoxları İmam Hüseynə müraciət edib bu müqavimətinə görə Həzrəti (ə) qınayırdılar. Onlar pis, yaxud kiçik insanlar deyildilər. Bəziləri İslamın böyük şəxsiyyətlərindən idilər. Lakin pis anlayırdılar və zəif cəhətləri onlara qalib gəlmişdi. Onlar Hüseyn ibn Əlini də (ə) həmin zəif cəhətlərə məğlub etmək istəyirdilər. İmam Hüseyn (ə) dözdü, məğlub olmadı. İmam Hüseyn (ə)-lə birgə olanların hər biri bu mənəvi mübarizədə qalib oldular. Həyatın zahiri ləzzətlərindən və qocalıq dövrünün rahatlığından, öz evlərinin isti və yumuşaq yatağından keçib, çətinliyə dözə, müstəbsir Züheyr ibn Qeyn, yenicə ailə qurmuş və məsihi olan sonradan müsəlmanlığı qəbul edən Vəhəb ibn Abdullah Kəlbi, tövbə edərək Kərbəlada şəhid olan Hürr ibn Yezid Riyahi kimi şəxslər olmuşdur.

Cənab Zuheyr ibn Qeyn

Zuheyr ibn Qeyn Bəcəli, Kərbəla şəhidlərindən və Bəcəli qəbiləsinin hörmətli və tanınmış şəxsiyyətlərindən biri idi. Kərbəla hadisəsindən bir neçə gün öncə, İmam Hüseyn (ə) ilə görüşdükdən sonra, İmama qoşularaq Aşura günü şəhid olur. Kufə şəhərinin və xalqının şərəfli və cəsur adamlarından biri sayılırdı və bir çox müharibələrdə və fəthlərdə iştirakı sayəsində yüksək mövqe qazanmışdı. Bəzi mənbələrdə Zuheyrin atası – Allah Rəsulu (s)-nun səhabələrindən biri olaraq xatırlanır.

Zuheyr Osmanın tərəfdarı olmuş və hicrətin 60-cı ilində həyat yoldaşı, bəzi qohumları və tayfa adamları ilə birlikdə Həccdən Kufəyə qayıdarkən Zərud məntəqəsində İmam Hüseyn (ə)-in karvanı ilə üzbəüz məskən salır.

İmam Hüseyn (ə) bir nəfər nümayəndə göndərərək, Zuheyrlə görüşmək istədiyini bildirir.  Zuheyr əvvəlcə görüşə meyilli olmadığını bildirir, lakin həyat yoldaşı Diləm və ya Əmirin qızı Dəlhəmin məsləhəti ilə İmam Hüseyn (ə)-in hüzuruna görüşə gedir. Bu görüş, Zuheyrin həyat yolunu tamamiylə dəyişdirir. O, İmam Hüseyn (ə) ilə görüşdükdən sonra sevincli halda ailəsinin və dostlarının yanına qayıdaraq xeyməsini və bütün əşyalarını İmam Hüseyn (ə)-in xeyməsinin kənarına köçürülməsini əmr edir.

Zuheyr, həyat yoldaşı ilə vidalaşır və bir rəvayətə görə onunla boşanaraq deyir: “Ailələnin yanına dön, çünki istəmirəm mənə görə sənə zərər gəlsin.”  Zuheyr, xanımı ilə vidalaşdıqdan sonra, onunla birlikdə olanlara deyir: “Kim şəhadəti sevərsə, mənimlə gəlsin, yoxsa bu sizinlə son görüşümdür.

Zuheyr onlar üçün bir xatirə danışaraq deyir: “Bələncər döyüşünə getdiyimiz zaman qələbə qazanaraq həddindən artıq qənimət əldə etdiyimizə görə, çox xoşhal idik.”  Salman Farsi – Bəzi mənbələrdə Salman Farsi əvəzinə Salman Bahlidən bəhs olunur- yanımızda idi və onun belə dediyini eşitdim: “Ali-Məhəmməd (s) cavanlarının ağasını gördüyünüz zaman, onun kənarında döyüşüb şəhid olmaqla, bu qənimətlərin əldə olunmasından daha çox sevinib şad olun.

Bəzi mənbələrə görə, Zuheyrin əmisi oğlu Salman ibn Muzarib də, onunla birlikdə İmam Hüseyn (ə)-in ordusuna qoşulmuşdur.

İmam Hüseyn (ə) Zül-hüsam məntəqəsində Hürrün qoşunu ilə qarşılaşdıqda, bir xütbə oxuyaraq dünyanın dəyişməsi və yersiz hakimin cəmiyyətə rəhbərlik etməsi, dəyərsiz və əhəmiyyətsiz həyat haqqında danışaraq buyurur: “… Bunu görmürsünüzmü?  Haqqa əməl edilmir və batildən çəkinilmir, belə bir şəraitdə mömin olan hərkəs haqqı tələb etməli və Allahla görüşməyə (şəhid olmağa) tələsməlidir. Mən ölümü şəhadətdən, yaşamağı isə zülmət və zəlillikdən başqa bir şey hesab etmirəm”.

İmam (ə)-ın çıxışından sonra, Zuheyr İmam (ə)-ın əmrlərini yerinə yetirməyə hazır olduğunu elan edən ilk şəxs olur və belə deyir: “Ey Peyğəmbər (s)-in oğlu, Allah sizə yar olsun, sözlərinizi eşitdik və Allaha and olsun ki, bu dünyada əbədi yaşayıb və bütün imkanlara sahib olsaydıq, yenə də sizin bayrağınız altında qılınc çəkib döyüşməyi seçərdik.” Zuheyrə cavab olaraq İmam (ə) onun üçün xeyirli dua edir.

İmam Hüseyn (ə)-ın karvanı hicri tarixinin 61-ci ili, məhərrəm ayının 2-də cümə axşamı günü Neynəva məntəqəsinə yetişdikdə, Ubeydullah ibn Ziyadın elçisi Hürr Riyahiyə bir məktub gətirir.  İbn Ziad Hürrə göndərdiyi məktubda yazmışdı:

“Məktubum sənə çatdıqda, Hüseyin (ə) ilə sərt davran və ona yerləşmək imkanı vermə, məgər ki, susuz səhra istisna olmaqla!  Elçimə əmrimi yerinə yetirməyinin xəbərini çatdırması üçün səni tərk etməməyi əmr etdim və salam. Hürr məktubun mövzusu barədə İmama (ə) məlumat verir.

İmam (ə) ona buyurdu: “Bizə icazə ver Neynəvada, Ğazriyədə və ya Şufiyədə düşərgə salaq.”

Hürr dedi: “Mümkün deyil, çünki Übeydullah məktubu gətirən şəxsi mənim üçün casus təyin edib.”

Zuheyr dedi: “Allaha and olsun belə görünür ki, bundan sonra bizim üçün daha çətin olacaq, ey Allah Rəsulu (s)-nun oğlu! İndi bizim üçün bu dəstə ilə (Hürr və qoşunu) döyüşmək bu dəstənin ardınca gələn ordu ilə döyüşməkdən daha asandır.”  “Canım onun ixtiyarında olana and olsun ki, onların ardınca bizimlə müqayisə olunmayacaq bir ordu gələcəkdir və bərabər olmayan mübarizədə döyüşməyə taqətimiz qalmayacaqdır.” İmam (ə) buyurdu: “Mən müharibəni ilk başlayanlardan olmayacam.”

Züheyr dedi: “Yaxınlıqda, Fərat çayı boyunca təbii imkanları olan bir kənd var, biz orada düşərgə salaq və əgər onlar bizi dayandırmağa çalışsalar, onlarla mübarizə aparaq. Çünki bu qrupa qarşı mübarizə aparmaq, gələcəklərə nisbətən daha asandır”.  “İmam Hüseyn (ə) kəndin adını soruşduqda, Zuheyr dedi: Əqər kəndi.  İmam (ə) buyurdu: “Əqərdən Allaha sığınıram!”

Tasua axşamı, Ömər ibn Sədin ordusu İmam Hüseyn (ə)-in xeymələrinə basqın edib, müharibə başlatmaq istədikdə İmam (ə), qardaşı Abbas (ə)-dan yanlarına getmələrini və məqsədlərinin nə olduğunu və nə istədiklərini soruşmasını istədi.

Həzrət Abbas (ə) Zuheyr ibn Qeyn və Həbib ibn Məzahir də daxil olmaqla İmamın (ə) iyirmi nəfər səhabəsi ilə düşmən qoşunlarının yanına gedib, niyyətləri barəsində soruşdu.

Dedilər: İbn Ziyadın hökmünə tabe olmadığınız təqdirdə, sizinlə döyüşmək əmr olunub.  Abbas (ə) dedi: Mənə niyyətinizi və mesajınızı Əba Abdullah (ə)-a bildirmək üçün imkan verin. Onlar da, qəbul edib, cavabı gözləməyə başladılar.

Həbib ibn Məzahir və Zuheyr ibn Qeyn fürsətdən istifadə edərək Ömər Sədin qoşununa nəsihət verdilər.

Həbib ibn Məzahir onları Peyğəmbər ailəsini və səhabələrini öldürməkdən çəkindirməyə çalışırdı.

Əzrə ibn Qeys – Ubeydulla ibn Ziyadın adamlarından biri – Həbibə xitab edərək dedi: Bacardığın qədər fəxr et!  Zuheyr ibn Qeyn cavab verdi: “Ey Əzrə, Allah onu paklayıb hidayət etdi.  Allahdan qorxun və bilin ki, sizin xeyrinizə deyirəm, səni Allaha and verirəm, nəbada azğınların pak insanları qətlə yetirməsində, onlara kömək edənlərdən olasan.”

Əzrə dedi:  Ey Zuheyr, sən bu ailənin şiəsi deyildin və Osmanın tərəfdarı idin!

Zuheyr dedi: “İndi Hüseynin yanında olduğum üçün bu ailənin davamçısı olduğumu bilmək sizin üçün kifayət deyil?!  Allaha and olsun ki, mən heç vaxt Hüseyn ibn Əli (ə)-yə məktub yazmadım və Onun yanına heç bir nümayəndə göndərmədim və heç vaxt ona kömək edəcəyimə söz vermədim. Lakin, mən və O (ə) yolda bir yerdə qarşılaşdıq, Eləki onu gördüm, Allah Rəsulu (s)-nu xatırladım.  Mən Hüseyinə aşiq oldum və onun düşməninə və sənin kənarında olduğun azğınlara tərəf getdiyini bildim, sonra ona kömək etmək və onun köməkçilərindən olmaq, sənin Allah və Peyğəmbər (s)-in haqqını itirdiyin şeylər uğrunda canımı qurban verməyin məqsədəuyğun olduğunu gördüm.

Aşura gecəsi İmam Hüseyn (ə), səhabələrindən və ailəsindən beyətini götürüb getmələrinə və canlarını qurtarmalarına icazə verdikdən sonra, İmam Hüseyn (ə)-in səhabələri hər biri öz sədaqət və əzmlərini elan etdilər.  İmamın (ə) Əhli-Beytinin sözlərindən sonra Müslim İbn Övsəcə və ondan sonra Zuheyr İbn Qeyn ayağa durub dedi: “Allaha and olsun ki, çox istəyirəm öldürüləm və təkrar diriləm, sonra min dəfə öldürüləm ki, Allah-taala Səni və Əhli-Beytini qətlə yetirilməsində amanda saxlaya!”

Aşura günü səhər sübh namazından sonra, İmam Hüseyn (ə) öz səhabələrini və ordusunu nizamlayaraq Zuheyr ibn Qeyni ordunun sağ cinah komandiri və Həbib ibn Məzahiri ordunun sol cinah komandiri və qardaşı Abbas (ə)-ı isə ordusunun bayraqdarı etdi.

Aşura günü, iki ordu üz-üzə gəldikdə, müharibə başlamazdan əvvəl İmam (ə) düşmən qoşunlarına tövsiyə etdi.

İmamın (ə) çıxışından sonra Zuheyr ibn Qeyn İmam (ə)-dan çıxış üçün icazə istəyir və Kufə camaatına müraciət edir:

“Ey Kufə əhli, sizi İlahi əzabdan xəbərdar edirəm. Çünki, həqiqətən hər bir müsəlmanın haqlarından biri, bir-birinə nəsihət vermək və xeyirxahlıqdır. Nə qədər ki, sizinlə aramızda qılınc və müharibə olmayıb, biz sizinlə qardaş və eyni dindəyik. Bizə məsləhət vermək hüququnuz var, ancaq qılınc ortaya gəlib və artıq sizinlə aramızdakı bağlılıq üzülüb, biz bir ümmət, siz də başqa bir ümmətsiniz. Bilin ki, Allah bizi və sizi Peyğəmbər (s)-in övladı ilə sınağa çəkdi və onunla necə davrandığımızı görür. Sizi onlara kömək etməyə və üsyançı Ubeydullah ibn Ziyada qarşı mübarizəyə səsləyirəm.  Ubeydullah ibn Ziyad və atasının hökümranlığı dövründə pislikdən başqa bir şey görmədiniz. Sizin gözlərinizi bağlayıb öz meyillərinə tərəf çəkən, əllərinizi və ayaqlarınızı kəsib və sizin qarilər və böyük şəxsiyyətlərinizi, Həcər ibn Ədiy və doslarını, Hani ibn Urvəni və onlar kimi tanınmış simaları dar ağacından asanlar bunlar idi.”

Ömər Sədin qoşunu Zuheyri təhqir edib, Ubeydullah ibn Ziyada təriflər yağdıraraq, dedilər: “Vallah, sənin mövlanı və onunla birlikdə olanları öldürüb və ya Ubeydullaha təslim etdirməyincəyə qədər buradan ayrılmayacağıq.”

Zuheyr dedi: “Ey Allahın bəndələri, həzrət Fatimə (s.ə)-nin oğlu Suməyyənin oğlundan daha çox sevilməyə və kömək edilməyə layiqdir. Əgər ona kömək etmirsinizsə, Allaha pənah aparın və əllərinizi onun qanına bulaşdırmayın. Gəlin, Hüseyn ibn Əli (ə) və Yezid ibn Müaviyəni baş-başa qoyun. And içirəm ki, Yezid Hüseyn (ə)-i öldürmədən də sizin ona itaət etməyinizdən razıdır.”

Şimr ibn Zilcoşən Züheyrə tərəf ox ataraq dedi: “Sus, Allah səni susdursun! Sənin boşboğazlığın bizi təngə gətirdi “.

Züheyr dedi: “Ey təharət qaydalarına əməl etməyənin oğlu, mən səninlə danışmıram.  Sən heyvandan artıq biri deyilsən. Allaha and olsun ki, Quranın iki ayəsini düzgün bildiyini sanmıram! Bil ki, Qiyamət günü sənə rüsvayçılıq və ağrılı bir əzab veriləcəkdir.”

Şimr, “Allah səni və ağanı indi öldürəcəkdir” deyə cavab verdi.

Zuheyr dedi: “Məni ölümlə qorxudursan? Allaha and olsun ki, Hüseyn (ə) ilə ölüm, mənim üçün səninlə yaşamaqdan daha sevimlidir.”  Sonra camaata tərəf dönüb, ucadan dedi: “Ey Allahın bəndələri, bu qədər alçaq insanların size, dininizdən azdırmasına icazə verməyin. Allaha and olsun ki, Allah Rəsulu Məhəmməd (s)-in övladlarının və ailəsinin qanını tökən və köməkçilərini və müdafiəçilərini öldürən insanlar, o Peyğəmbər (s)-in şəfaətinə çata bilməyəcəklər.”

Bu zaman İmamın (ə) ordusundan birisi Zuheyri çağırıb dedi: “Əba Abdullah (ə) qayıtmağı buyurur necə ki, ali-Firon mömini camaatına nəsihət etdi və heç bir faydası olmadı, siz də onlara tövsiyə etdiniz və əgər faydası olacaqsa bu qədər kifayət edər.”

Zuheyr, küfəlilər arasında cəsur, sayılıb seçilən və məşhur bir şəxsiyyət idi.  Bu səbəbdən Aşura gününün ilk saatlarında Züheyr, Salim və Yasər – Ziyad ibn Əbiyyənin və Ubeydullah ibn Ziyadın qulları – tərəfindən meydan oxuyaraq döyüşə dəvət edildi.  Abdullah ibn Ümeyr Kəlbi onlarla qarşılaşdıqda ona dedilər: “Biz səni tanımırıq.  Zuheyr ibn Qeyn və ya Həbib ibn Məzahir bizimlə döyüşə gəlsin. Beləliklə Zuheyr döyüş meydanına gedib onlara möhkəm cavab vermək üçün ayağa qalxdı, ancaq İmam Hüseyn (ə) onun döyüşməsinə icazə vermədi və Abdullah İbn Ümeyri onlarla döyüşməyə göndərdi.

Müharibənin ilk anlarında Şimr ibn Zilcovşən və bir qrup adamları İmam Hüseyn (ə)-in xeymələrinə arxadan hücum etdilər. İmam Hüseyn (ə)-in xeyməsini nizələrlə vuraraq, deyirdi: “Atəş gətirin, bu xeyməni əhalisi ilə birlikdə od vurub yandıraq”.  Bu səhnəni görən İmam (ə) uca səslə buyurdu: “Ey Zilcovşənin oğlu xeymələrimi ailəmlə birlikdə yandırmaq istəyirsən?  “Allah səni cəhənnəm atəşində yandırsın.”  Bu zaman Zuheyr on nəfərlə birlikdə Şimr və adamlarına hücum edib onları oradan uzaqlaşdırdılar. Bu hücumda Zuheyr, Şimrin adamlarından və qohumlarından olan Əbazəh Zəmamini cəhənnəmə vasil edir.

Bir rəvayətə görə, Həbib ibn Məzahir Aşura gününün günortasından əvvəl şəhid olduqdan sonra Zuheyr, Hürr ibn Yezid Riyahi ilə birlikdə meydana gedir. Hər ikisi döyüş zamanı bir-birlərinə dəstək olurlar və nə vaxt onlardan biri mühasirəyə düşsəydi, digəri onun köməyinə qaçırdı. Hürr şəhid olana qədər vuruşur, Zuheyr isə Hürrün şəhadətindən sonra xeymələrə tərəf qayıdır.

Günorta namazı vaxtı İmam Hüseyn (ə) bir qrup səhabəsi ilə birlikdə xovf qaydası ilə namaza durduqda, Zuheyr ibn Qeyn və Səid ibn Abdullah Hənəfi İmamın (ə) və o Həzrətlə birlikdə olanların təxminən yarısının qarşısında dayanıb, onların namazlarını qılıb qurtarana qədər özlərini düşmənin oxları və nizələri qarşısında sipər etdilər.

Züheyr, İmam Hüseyn (ə) üçün namazı qılıb qurtardıqdan sonra bu şeirləri oxuyur:

“Ey hidayət çeşməsi və əzəmətli rəhbərim! Bu gün baban Həzrət Peyğəmbər (s)-in görüşünə gedəcəksən və həmçinin Onunla yanaşı Həsən Müctəba (ə)-nın və Əli Mürtəza (ə)-nın və cəsur cavan Cəfər Təyyarın və Allahın canlı şəhidi aslan Həmzə ilə görüşəcəksən.”

Zuheyr İmamdan (ə) döyüşmək üçün icazə aldıqdan sonra bu şüarı oxuyur:

Mən Zuheyr ibn Qeynəm, öz qılıncımla Hüseyn (ə)-in hərim və dəyərlərini qorumaq üçün onun yanındayam. “Hüseyn (ə), Allah Rəsulu (s)-nun yaxşılıq və təqva ilə bəzənmiş ailəsinin iki nəvələrindən biridir və indi o, Peyğəmbərin iki nəslindən olan Allahın pak elçisidir və mən sizi öldürməyin eybi olmadığını sübut edəcəyəm.”

Zuheyr döyüş meydanında düşmən qoşunundan yüz iyirmi nəfəri öldürdüyü bildirilir.

Nəhayət Zuheyr, Kəsir ibn Abdullah Şəbi və Mühacir ibn Ovs Təmimi tərəfindən şəhadətə yetişir.

Zuheyrin şəhid olmasından sonra İmam Hüseyn (ə) buyurur: “Ey Züheyr, Allah-taala səni öz mərhəmətindən uzaq etməsin, qatillərinə lənət edib azğınların (Bəni israil) lənəti kimi əbədi lənətinə düçar etsin.”

Müqəddəs Şəhidlər ziyarətnaməsində Zuheyr ibn Qeyn haqqında belə buyurulur: Qeyn oğlu Zuheyr Bəcəliyə salam olsun, necəki İmam (ə) geri dönməsinə icazə verdikdə, o cavab verdi: Allaha and olsun ki, heç vaxt Allah Rəsulu (s)-nun oğlundan əsla ayrılmayacağam. Məgər mən, Allah Rəsulu (s)-nun oğlunu düşmənlərin mühasirəsində qoyub özümü qurtaracağam? Allah o günü mənə nəsib etməsin.

Cənab Vəhəb ibn Abdullah Kəlbi

Hicrətin 61-ci ilində Kərbəlada Əhli-beyt (ə)-in dəyər və müqəddəsliyini qoruyanlar sayca az olmalarına baxmayaraq, sədaqətləri və vəfadarlıqları ilə gələcək nəsil üçün nümunəvi bir şəxsiyyətlər olaraq adlarını tarixin əbədi yaddaşına yazdırdılar.  Bu günlərdə Əhli-beyt (ə) müqəddəsliyinin ən böyük müdafiəçilərini tanıtmaq niyyətindəyik və yeni müsəlman olmuş Vəhəb ibn Abdullah (Vəhəb nəsrani) isə onlardan biri olmuşdur.

“Vəhəb ibn Abdullah” anası Qəmər və həyat yoldaşı Haniyə ilə birlikdə Səlbiyyə çölündə fermerliklə məşğul idi. O, hər gün qoyunları səhraya aparar və gecə olduqda evə qayıdardı. Vəhəb həyat yoldaşı Haniyə ilə təzə evlənmişdir və bir az çətinlikləri olsa da öz sakit həyatlarını yaşayırdılar, lakin bir gün həyatlarına başqa bir rəngin qatılacağını heç ağllarına belə gətirməzdilər. İmam Hüseyn (ə)-in karvanı bu xristian ailəsi ilə Səlbiyyə çölündə rastlaşdıqda, vəziyyətlərini soruşmaq üçün onların yanına getdi. Vəhəbin anası “Qəmər” yaşadıqları yerin su çatışmamazlığı olmasından İmama şikayət etdi.  İmam Hüseyn (ə) Qəmərin sözlərindən sonra bir qədər yan tərəfə gedir və kənarda olan daşı nizə ilə yerindən tərpədir. Ölü torpaq dirilərək qayanın altından, İsmailin ayaqları altından çıxan zəm-zəm suyu kimi bir bulaq axmağa başlayır. Qəmər ana çox şad və xoşhal idi, gözlərindən sevinc yaşları axırdı.  İmam o anaya xitab edərək buyurdu: “Bir dosta və köməkçiyə ehtiyacımız var. Oğlunuz qayıdanda ona deyin ki, bizə qoşulub həqqı müdafiə etməyimizə kömək etsin.”

İmam Hüseyn (ə) oranı tərk edərək öz xeyməsinə tərəf gedir.  İndi Qəmər ana öz gözləri ilə gördüyü möcüzə ilə baş-başa qalmışdı. Bütün dualarına bir nizə ilə cavab verə bilən şəxş kim idi?  Bir göz qırpımında ölü torpağı canlandıran kim idi?  Bu qədər qəribə davranışları ilə təəccüb doğuran şəxs kim idi? Vəhabi və haniyə xeyməgahlarına geri döndükdə bir çeşmədən su axdığını gördülər və anaları onlara baş verənlərin hamısını olduğu kimi danışır. Vəhəb, görmədiyi şəxsin mesajını eşidir və möcüzə olduğunu anlayır. Gecikmədən yüklərini yığır və ailəsi ilə birlikdə İmam karvanına tərəf hərəkət edirlər.  Karvana çatdıqda səbirsizliklə özlərini İmama təqdim edirlər. Vəhəb və ailəsi bir gecədə yüz illik yolu səyahət edirlər. Onlar haqq çağırışını bütün qəlbləri və vücudları ilə qəbul edib İslam dininə təslim olurlar. Artıq Vəhəb və ailəsi İslamı qəbul etdikləri ilk günlərindən Allah Rəsulu (s)-nun ailəsinin yoldaşlarına çevrilirlər.

Vəhəb və Haniyə evliliklərinin ilk aylarının tamam olmasından qabaq Kərbəlaya yetişirlər.  Yalnız 17 gün idi evlənmişdilər və evliliklərinin doqquzuncu gündən bəri İmam Hüseyn (ə)-in karvanı ilə birlikdə olmuşdular. Haniyə biləndə ki, bu döyüyüş meydanından geri dönüş yoxdur, hər ikisi son baxışları kimi bir-birlərindən gözlərini çəkmirdilər.  Lakin İmama və Əhli-beytə məhəbbət bu ailə üzvünün hərbirinin vücuduna elə bir kök salmışdır ki, Aşura günü Ümmü Vəhəb yenicə bəy olmuş oğlunu çağıraraq Allah Rəsulu (s)-nun nəvəsinə kömək etmək üçün döyüş meydanına göndərərək deyir:  “Peyğəmbər (s)-in övladına kömək etməyincəyə qədər səndən razı olmayacayam. Şəhadətə yetişib İmam Hüseyn (ə)-in babasına qonaq olmaq, onun və mənim razılığım xaricində heç vaxt mümkün olan bir iş deyil. Odurki get döyüş meydanına son damla qanına qədər haqqdan müdafiəet!”

Ancaq Haniye çox narahat idi və bir neçə günlük həyat yoldaşının ayrılığına dözməyə taqətim yox idi.  Ondan ayrı qala bilmirdi və qəzəbli halda deyir: “Şəhid olduğun zaman cənnətə gedəcəksən və Hurilərin yoldaşı olacaqsan. Sonra isə Haniyəni yadından çıxaracaqsan!? “Məni aram etmək üçün İmamın yanına aparın və Həzrətin hüzurunda cənnətdə olacağın zaman, orada Haniyəni unutmayacağına söz ver.”

Hər ikisi qəlblərini gücləndirmək üçün imamın hüzuruna gedirlər. Haniyə iki istəyinin olduğunu İmama ərz edərək deyir: “İki hacətim var. Vəhəb şəhid olduqdan sonra başsız qalacam, xahiş edirəm məni öz ailənizə qoşasınız. İkinci istəyim budur ki, Vəhəb şəhid olduqda Hurilərlə məhşur olacaqdır, məni unutmayacağına şahid olmanızı istəyirəm.”

İmam Hüseyn (ə) Həniyənin Vəhəbə olan sevgisini görəndə onu sakitləşdirir və Haniyaya onun istəklərini yerinə yetiriləcəyinə söz verir. Vəhəb isə nəhayət döyüş meydanına tərəf hərəkət edir.

Vəhəb yalnız bir neçə gün əvvəl İslamı qəbul etmiş yaraşıqlı bir gənc idi, amma İslamı o qədər sadiq idi ki, Tanrı dini üçün canını fəda etmək və Əhli-beytin müqəddəsliyini can-başla qorumağa hazır idi. Vəhəb sürətlə düşmən qoşununun üzərinə hücum edir və çox sayda Yezidin qoşunundan çox sayda döyüşçünü öldürür. Sonra isə anasına üz tutaraq “Məndən razısanmı?”-deyə müraciət edir.

Ümmü Vahəb oğluna belə cavab verir: “İmam Hüseyn (ə)-in qarşısında öldürülməyincəyə qədər əsla səndən razı qalmayacağam.” Vəhəb döyüş meydanına qayıdır və elə bir şücaətlə döyüşurdü ki, Yezidin qoşunu onun döyüşkən ruhiyyəsini görüb mat-məəttəl qalmışdılar. Vəhəb qəhrəmancasına sərgilədiyi bərabər olmayan döyüşdən sonra hər iki əlini İslama yolunda fəda edir. Haniyə deymenin sütununu əlində götürərək döyüş meydanına yollanır. Lakin İmam ondan geri qayıtmasını istəyir və Haniyə xeymələrə tərəf geri dönür.

Vəhəb mühasirəyə alınaraq əsir götürülərək Ömər ibn Sədin yanına aparılır və Ömər yenicə müsəlman olmuş gəncin gücündən və cəsarətindən dilə gəlir və həmçinin onun əmri ilə Vəhbin başını bədənindən ayıraraq İmamın karvanına tərəf atırlar.  Ancaq Qəmər ana bu dözülməsi çətin olan səhnəni görür  və Vəhəbin başını qucaqlayaraq Allah Rəsulu (s)-nun ailəsi qarşısında məni üzü ağ etdin deyərək kəsik başı yezidçilərə tərəf atır və onlara səslənərək deyir: “Biz Allah yolunda verdiyimiz qurbnı əsla geri almırıq.”

Haniyə yenicə ailə qurduğu həyat yoldaşının başsız cəsədi yanına gələrək oturb ağlayır. Şimir bu səhnəni görəndə qulamından onu öldürməsini əmr edir. Sonra isə Şimrin qulamı, Vəhəbdən ayrı düşməyə taqəti olmayan Haniyənin başına dəmir parçası ilə zərbə endirərək şəhadətə çatdırır. Yenicə ailə həyatı quran bu iki gənc hətta bir saat belə birbirlərindən ayrı düşmürlər və Haniyə Kərbəla səhnəsinin qadın şəhidəsi olaraq tarixin yaddaşında əbədi olaraq qalır.

Cənab Hürr ibn Yezid Riyahi

Müxtəlif tarixi qaynaqlarda Hürrün mənsub olduğu nəsil şəcərəsi barədə məlumatlar verilib. İslam Ensiklopediyasında Hürrün bütöv adı və soy adları bu cür təqdim olunub: Hürr ibn Yezid ibn Naciyə ibn Kənab ibn Əttab ibn əl-Haris ibn Əmr ibn Həmman əl-Riyahi əl-Yərbui əl-Təmimi. Təbərinin nəql etdiyi bir tarixi qaynaqda Zəkəriyyə ibn Yəha əl-Dərir Hürrü əl-Yərbui Riyahinin soyundan gəldiyini və İraqın Kufə şəhərindəki Bəni-Təmim qəbiləsindən olduğunu yazır. Bu versiya Hürrün nəsil mənsubiyyətilə ilə bağlı ən çox etimad olunan məlumat hesab edilir. Lakin Təbərinin istinad etdiyi digər qaynaq Hüseyn ibn Əbdürrəhman Hürrün soyadını ibn Yezid əl-Hənzəli kimi qeyd edib və onu Bəni-Nəhşəl qəbiləsinə mənsub bilib. Bütün hallarda böyük şəxsiyyət olan Hürr qısaca ibn Yezid ibn Təmimi əl-Yərbui kimi qəbul edilir. İslamdan əvvəl də, sonra da Hürrün mənsub olduğu qəbilənin nüfuzu çox yüksək olub, ərəblər arasında elit təbəqə hesab olunurdu.

Hürr ibn Yezid Riyahi Kərbəla hadisəsi zamanı Kufə qoşunlarının sərkərdələrindən biri olub. O, alicənab və yaxşı döyüşçü kimi tanınırdı. Əvvəlcə Kərbəlada Übeydullah ibn Ziyadın qoşunlarından birinin komandanı vəzifəsini daşıyıb. Daha sonra etdiyi əməldən peşman olaraq İmam Hüseyn (ə) tərəfinə keçib. Bu səbəbdən Hürr tarix boyu Əhli-beyt davamçıları tərəfindən böyük hörmətlə yad edilir və sevilir. O, həmçinin bağışlanma ümidinin və tövbənin simvoluna çevrilib.

Hürr Kufənin ən istedadlı hərbçilərindən biri idi. Bəzi mənbələrdə yalnışlıqla o, Kufə valisi Übeydullah ibn Ziyadın cangüdəni kimi qeyd olunsa da, İmam Hüseyn (ə)-ə qarşı çıxmaq üçün ibn Ziyadın qoşun sərkərdəsi vəzifəsini daşıması, hərbi intizamı və qanunlara ciddi riayət etməsi onun cangüdən kimi aşağı rütbəli vəzifədə deyil, hərbi komandan kimi yüksək titul daşıdığını sübut edir. Bu fərziyyəni onun yalnız hərb işində ixtisaslaşması və bu sahədə nüfuz qazanması, həmçinin heç bir siyasi bloklara və fəaliyyətlərə qoşulmaması faktı da təsdiqləyir. Heç bir tarixi mənbədə Kufədə gərginliyin hökm sürdüyü Kərbəla hadisələrindən əvvəlki dövrdə Hürrün etiqadı və siyasi mövqeyi barədə məlumat qeyd olunmayıb. Tarixçilərdən yalnız əl-Bələmi şübhəli bir mənbəyə istinad edərək Hürrün öz etiqadını gizlətmiş Əhli-beyt şiəsi olduğunu yazır.

İbn Ziyad İmam Hüseynin (ə) Kufəyə doğru gəlişi xəbərini alanda Hürrü 1000 nəfərə yaxın süvari ilə İmamın (ə) qarşısını almağa göndərdi. Rəvayətdə deyilir ki, İmamın (ə) karvanı Zu-Husəm adlı məntəqəyə çatır və orada dincəlmək üçün məskən salır. Hürrün də qoşunu həmin məntəqəyə yetişir. İmam (ə) onlara və atlarına su verilməsi göstərişini verir. Sonra bütün qoşun İmamın (ə) arxasında namaz qılırlar. Hürr İmamı (ə) Kufədə olanlardan, kufəlilərin əhdlərindən peşman olmaları barədə xəbərdar edir və İmamdan geri qayıtmasını istəyir və deyir: “Mən sizinlə döyüşmək üçün məmur olmamışam. Mən sizdən ayrılmamağa məmuram”.

Lakin İmam onu eşitməyib Qasidiyyəyə tərəf hərəkət edir. Hürr də İmamla (ə) bərabər hərəkət edir. Onlar gəlib bir yerə yetişəndə İmam (ə) buranın adını soruşur. Hürr Kərbəla deyə cavab verir. İmam (ə) atdan enir və karvanın da burada dayanması göstərişini verir. Hürr bu xəbəri dərhal İbn Ziyada çatdırır.

Beləcə Aşuraya qədər İmamın (ə) karvanı burada qalır və Hürr də İbn Ziyadın göndərdiyi əlavə ordu ilə İmamın (ə) qarşısında yer alır. O, Aşuraya qədər döyüşün olacağına inanmır. Mühacir ibn Ovsun yazdığına görə Hürr döyüşün olacağını biləndə əsməyə başladı. Ovs deyir: “Əgər məndən soruşsalar ki, Kufənin ən şücaətli kişisi kimdir, Hürr deyərdim. Amma o bu gün titrəyir”.

Beləcə Hürr atına minib İmamın (ə) qərargahına tərəf gedir və İmamın qarşısına dayanıb deyir: “Ey Allah Rəsulunun övladı, mən o kəsəm ki, sizi buraya gətirdim və sizi burada çarəsiz saxladım. İşin bura qədər gələcəyini bilsəydim, Allaha and olsun ki, heç vaxt bunu etməzdim. Mən tövbə edirəm. Allah məni bağışlayarmı?” İmam (ə) buyurur: “Bəli, Allah səni bağışlayar”. Beləcə Hürr icazə alıb birinci şəhid olmaq şərəfinə nail olur. Hətta bəzi mənbələrdə onun oğlanlarının, qardaşlarının və nökərinin də Kərbəlada şəhid olduğu deyilir.

Hürr ibn Yezid Riyahinin məzarı hazırda İmam Hüseynin (ə) müqəddəs hərəmindən 10 km aralıdadır. Mənbələrdə deyilir ki, Aşuradan sonra Bəni-Əsəd qəbiləsi (Riyahi tayfası bu qəbilənin bir qoludur) Kərbəla şəhidlərini dəfn etdikdən sonra Hürrün cəsədini indiki əraziyə gətirib və orada dəfn ediblər. Hazırda onun məzarı İmam Hüseyn (ə) zəvvarları tərəfindən də ziyarət olunur.

İstifadə olunan mənbələr:

-İslam Dünyası Ensiklopediyası.

-Şəhid Mürtəza Mutahharinin əsərləri toplusu.

-Şeyx Tusi, Ricalu Tusi

-Qumi, Kamilu Ziyarət

-Mufid, əl-Məzar

-Məclisi, İmam Hüseynin (ə) həyatı

-Kaşif, Rozətul-Şuhəda

-Hilli, Məsirul-Əhzar

-Şeyx Səduq, Etiqadat

-İbn  Əl-Kamilu Fi Tarix

-İbn Tavus, “əl-Məlhuf”

-Şeyx Səduq, İləli Şərait

-Şeyx Səduq Məanuil-Əxbar

-Tusi, əs-Saqib fil-Mənaqib

-İbn Əsim, əl-Futuh

-Bəlazəri, Ənsabul-Əşraf

-Hərəmey Şərifeyn

-“Məqtəluhu”, ibn Səd

-“Təskilətul-Xəvas” Sibt ibn Cuzi

-“Tənqihul-məqal fi elmil-Rical”, Məqamı.

-“Xulasətul-əqval fi məfifətul-Rical”, Əllamə Hilli.

-“Əmalul-vəra bi əmalil-Huda”, Təbərisi.

-“Əl-Məlhuf əla qətlil-Tufuf”, Seyyid ibn Tavus.

-Şeyx Səduq, “əl-Əmali”.

-“Şərhul-əxbar fi fəzaili Əimətul-Əthar”, Təmimi Məğribi/Noman ibn Muhəmməd.

-Əsralul-Şəhadət.

-Mədinətul-Huseyn əlehis-salam.

-Nasixul-Təvarix.

-Əl-Hədaiqul-Vərədiyyə

-Əl-Amali Şəhəri

-Ünsüru Şucaət.

-Əvalim (İmam Hüseyn əleyhissəlam).

-Vaiz Kaşifi, Rozətu əl-Şuhəda

-Vəsilətul əd-Darin

-Emadzadə, Hüseyin, Aşura hansı gündür? Kitabı

-Kamrahai, Mirzə Xəlil, “Cəsarət Ünsürləri” kitabı

-Şeyx Abbas Qumi, Nəfsül-Məhmum

-Şəmsəddin, Məhəmməd Mehdi, “Ənsar əl-Hüseyni (ə) kitabı.

-Zəxirətə əd-Darin

-Əbsar əl-Eyn

-Tənqih əl-Məqal

-Vəsilə əd-Darin.

-Tusi, əl-Rical.

-Zəxirətə əd-Darin

-Məhəmməd ibn Məhəmməd, Əl-İrşad.

-Təbari, Tarixi Təbəri

-Məqtəl əl-Hüseyni (əleyhis-salam).

-Təbərsi, Əlamu əl-Vəra

-İbn Tavus, Əli ibn Musa, əl-İqbal bil-Əmal əl-Həsnə.

-İrşadil-Qulub, Dilami, Əbu Məhəmməd Həsən İbn Əbi Həsən.

-Əl-Futuh, İbn Əsim Kufi və  Tarixi Yəqubi, Əhməd İbn İshaq (İbn Vazih).

-Biharul-Ənvar, Molla Məhəmməd Baqir Məclisi.

-Məqatili Talibiyin, Əbul Fərəc Əli ibn Hüseyn.

-İnsabul-əşraf, Əhməd ibn Yəhya, Əhməd ibn Muhəmməd.

-Əxbarul-Təvl, Əbu Hənifə Əhməd ibn Davud.

-Əl-Kamil fil-Tarix, İbn Ətir

-Əl-Əyanul-Şiə, Əmin, Seyyid Muhsin.

-Əl-Luhuf fi qətlil-Tufuf (Məqtəlul-Huseyn), İbn Tavus.

-Mənaqibi Ali Əbi Talib, İbn Şəhr Aşıb Mazandarani.

-Muntəhil-Amal, Şeyx Abbas Qumi.

-Ənsarul-Huseyn (ə), Məhəmmədmehdi Şəmsəddin.

-Vəsilətul-Darin fi Ənsarul-Husey, Musəvi Zəncani.

-Tənqihul-Məqal fi Əhvalil-Rical, Məmqani, Şeyx Abdullah Nəcəfi.

-Məqtəlul Hüseyn Xərazmi, Xarazmi Hüseyni, Şeyx Məhəmməd Səməvi.

-Fərsanul-Həycai, Mahallati Zabihullah.

-Əhməd ibn Əsim, “əl-Futuh”.

-Huseyni Cəlali, “Təsmiyətu mən qətələ mə’əl-Huseyn əleyhissəlam”.

-Əbul-Həsən ibn Əsir, “əl-Kamilu fit-Tarix”.

-İbn Həzm Əndulusi, “Cumhurətu Ənsabul-Ərəb”.

-Əbulfəzl İsfahini, “Məqtiləl-Talibin”.

-Muhəddis Qumi, “Muntəhul-Amal fi Təvarixul-Nəbi və Ali”.

-Məalil-Sibtəyn.

-“Əvvəlin Danişqah və axərin Peyambər”, Şəhid Paknejad.

-“Fərhəngi Aşura”, Cavad Muhəddisi.

-“Nəfsul-Məhmumuluhuf ..Məqtəli camiə vəqayə qiyami Huseyn ibn Əli” Seyyid ibn Tavus.

-“Tənqihul-Məqal”, Mamqani (Şeyx Abdullah).

-“Təhzibul-Əhkam”, Şeyx Tusi.

-“Təhzibul-Təhzib: İbn Həcər əl-Əsqəlani

-“Əl-Camiəs-Səğir” Cəlaləddin Siyuti.

-“Cəlaəl-Uyun”,Məhəmməd Baqir Məclisi.

-“Cəvahirul-Uqul fi şərhi Fəraədul-Udul”, Muhəmməd Rza əl-Nasiri.

-“Məsirul-Əhzan”, ibn Nəma Hilli.

Müəllif: Höccətül-islam Elçin Səfaquliyev