Doktor Kristin Ceyms (Zeynəb Sani), İslamı qəbul etmiş Şotlandiyalı.

Bu məqalədə Şotlandiyadan olan müstəbṣir xanım, doktor Kristin Ceyms (Zeynəb Sani) ilə onun haqq din olan İslamı qəbul etmə prosesinin necə baş verdiyi haqda aparılmış müsahibəyə yer verilir. Hazırda İmam Hüseynin (ə) Ərbəin günlərindəyik və o, Ərbəin haqqında da çox gözəl fikirlər söyləyir ki, onları giriş hissəsində sizə təqdim edirik:

Ərbəin məşhur bir hadisədir və şiə müsəlmanları üçün çox böyük bir əhəmiyyət daşıyır. Dünyanın məşhur şəxslərinin, Qərb mütəfəkkirlərinin, tanınmış siyasətçilərin İmam Hüseyn (ə) haqqında söylədikləri fikirlər bizə göstərir ki, Ərbəin və İmam Hüseyn (ə) bəşəriyyət üçün bir ziyarət məkanına çevrilmişdir. Və biz həqiqətən düşünəndə ki, İslam nədir, onun bütün bəşəriyyəti əhatə edən bir şey olması gərəkdir. Buna görə də əgər biz insanları düzgün şəkildə təşviq etsək, inşallah müsəlman olmayan insanların da hamısı Ərbəin üçün Kərbəlaya gedəcək, İmam Hüseyni (ə) görəcək və müsəlman olacaqlar.

Tanışlıq.

Mənim adım Zeynəb Sanidir. Şotlandiyada anadan olmuşam, lakin Almaniyada böyümüşəm və yaxın vaxtlara qədər Avstraliyada yaşamışam. Hazırda Qum Dini Hövzəsində tələbəyəm.

Təhsil.

Böyük Britaniyada, İranda deyildiyi kimi, bakalavr pilləsində fəlsəfə və dillər üzrə təhsil almışam, magistratura pilləsində isə müasir Avropa ədəbiyyatını oxumuşam. Hüquq üzrə diplomum var, həmçinin orta məktəb səviyyəsi üçün müəllimlik sertifikatım da mövcuddur.

Müsəlman olma prosesi.

Mən rəsmi olaraq heç bir dinə mənsub deyildim. Almaniyaya getdiyim zaman xristianlıq dini haqqında müəyyən məlumatlar əldə etdim. Universitetə daxil olduqdan sonra isə yəhudi dostlarım olduğu üçün yəhudilik dini ilə tanış oldum.

Bir neçə il əvvəl böyük qızım — hazırda on üç yaşı var, o zaman isə on yaşında idi — ölümün nə olduğu və ondan sonra nə baş verdiyi barədə mənə suallar verməyə başladı. Mən başa düşdüm ki, əgər bunu izah etmək istəsəm, xristianlıq vasitəsilə ona cavab verə bilmərəm, çünki xristian deyildim. Son əldə etdiyim dini biliklər yəhudiliklə bağlı idi. Buna görə də onu bir neçə ay Avstraliyaya apardım və bu, mənə oturub dinləmək və müşahidə etmək imkanı verdi, lakin bunun mənim üçün çox da xoş olmadığını gördüm. Mənə çox qəribə görünən məsələlərə diqqət edirdim. Sonra yəhudilərin bayramlarından birində anladım ki, mənim Allahla münasibətim birbaşa münasibətdir və bu, bəlkə də elə ibadətin özüdür. Beləliklə, ilk dəfə olaraq özəl şəkildə, praktik olaraq Allahın varlığına şəhadət verdim. Çox keçmədən Allah-Təalaya imanımı bəyan etdim.

Həmin dövrdə doktorluq tədqiqatları ilə məşğul idim və müəyyən mənada onlayn siyasi fəaliyyətlərimdən uzaqlaşmışdım. Əlaqədə olduğum insanların hamısı şiə müsəlmanlar idi. Nəticədə mənə çoxlu siyahılar və linklər verildi və mən lazım olan hər şeyi öyrənməyə başladım və bundan sonra müsəlman oldum.

Qum şəhərinə səfər və dini hövzəyə daxil olma motivləri.

Daha əvvəl məsciddə rəsmi şəkildə şəhadət gətirdiyim üçün, təxminən 18 ay əvvəl Avstraliyada olan dostlarımdan biri mənə belə bir təklif etdi: niyə İranda, Qum şəhərində keçirilən və risalət mövzusunda olan bir təlim kursuna qoşulmursan? Sonra o, mənim üçün bir mərkəz tapdı, mən müraciət etdim və onlar qəbul etdilər. Lakin vizamın hazırlanması çox uzun çəkdiyi üçün həmin kursa heç vaxt qatıla bilmədim və nəticədə onu itirdim. Amma vizam hazır olan kimi dərhal Tehrana gəldim, sonra birbaşa Məşhədə gedib İmam Rızanı (ə) ziyarət etdim. İranda bir neçə müəssisəyə getdim, onlar üçün məqalələr yazdım və onlayn materiallar və onlayn yardımlar göstərən şəxslərlə görüşdüm. İlin əvvəlində ikinci dəfə İrana gəldim və bu səfər bir az daha uzun oldu, çünki mənə dini hövzədə təhsil almaq təklif edildi. Daha sonra ilin əvvəlində ilk müsahibəm baş tutdu, bundan sonra yenidən müəssisələr üçün daha çox işlər gördüm və sonra yenə, iki ay əvvəl təhsil almaq və daha çox müsahibələr keçirmək üçün gəldim.

Tənhalıq və ailə.

Mən burada təkəm. Altı, on bir və on üç yaşlarında olan üç övladım var. Onlar Avstraliyada yaşayırlar və mən onları mümkün qədər tez-tez görməyə çalışıram. Hazırda on bir yaşında olan ortancıl övladım bir neçə ay əvvəl, təxminən iyun ayında, mənim yanımda şəhadət gətirdi və müsəlman oldu. Biz əvvəllər ibadət və Allah mövzusunda söhbətlər edirdik. Bir gün dərsdən sonra o, mənə dedi ki, müsəlmandır və mən sadəcə onunla danışdım ki, əgər istəsə, rəsmi olaraq şəhadəti mənim yanımda deyə bilər. Mən onunla ərəb dilində necə deyəcəyini məşq etdim. Əslində, onun ərəb tələffüzü heç də pis deyildi. Qısası, bir gün evdə birlikdə bunu etdik.

İslamdan əvvəlki din.

Mən nə xristian, nə də yəhudi deyildim, buna görə də heç vaxt vəftiz (qüsl verilmək) olunmamışdım. Valideynlərim dinsiz insanlardır. Uşaqlıqdan bəri həmişə öz aramda Allahla danışmışam. Mən rəsmi şəkildə şəhadət gətirməzdən əvvəl Həzrət Muhəmmədin (s) həyatını oxumuşdum.

Hicaba riayət — problem yoxsa ehtiyac?

Qərbdə mən tam hicabla və adi geyimdə qaçıram. Parka yaxın yaşayıram, təbiətə çıxıram, gəzintiyə gedirəm, qaçıram və düşünmək və bilik əldə etmək üçün də vaxt ayırıram.

Qərbdə dindarlıq — çətin yoxsa asan?

Hətta insanlar özlərini müsəlman, xristian və ya başqa bir şey hesab etməsələr də, Allahın bizim üçün yandırdığı o əlaqə və ya nur daim ətrafımızdadır. Lakin mən düşünürəm ki, siz birbaşa Allah-Təalaya yalnız Allaha iman etdiyinizi söylədikdə və özünüzü Allaha təslim etdikdə, həmçinin Allahın bütün qərarları verdiyini başa düşdükdə, rahatlıq tapırsınız. Buna görə də biz çalışsaq, işləsək və istəklərimiz olsa belə, hər istədiyimizin mütləq bizə veriləcəyini güman etməməliyik. Bir proqram mövcuddur. O, nurdur, nurla işıqlanan bir yoldur.

İndiyə qədər imamların ziyarətinə getmisinizmi?

Mən yalnız İranda ziyarətdə olmuşam. Təkcə böyük ziyarətgahları deyil, həm də çoxlu imamzadələri ziyarət edirəm. Hələlik həccə birlikdə gedəcəyim bir insan yoxdur. İnşallah ailəmdə daha çox müsəlman olduqda, həccə gedəcəyəm.

Bu, çox çətindir. Bilirəm ki, Ərbəinə yaxınlaşırıq və bu mövzuda çox danışmışıq. Dünən də bir söhbətim oldu və Kərbəla və İmam Hüseyn (ə) haqqında çox danışdım. İmam Əli (ə), Həzrət Fatimeyi Zəhra (s) və Həzrət Zeynəb (s) haqqında danışdım. Mən hər dəfə qayıdanda İmam Səccad (ə) haqqında da danışıram, çünki İranda çox mömin bir insan var idi ki, ilk Ramazan ayı ərzində mənə kömək etdi və mənə çoxlu onlayn dualar göndərirdi. Mən İmam Səccadın (ə) sözlərini oxuyurdum və bu mənim üçün çox heyrətamiz idi. Hər dəfə İmam Səccadın (ə) övladları və ya nəvələri olan imamzadələrin ziyarətinə gedəndə çox güclü hisslər keçirirəm. İmam Səccad (ə) haqqında çoxlu gözəl hekayələr var. Onlardan biri budur ki, gecələr evdən çıxar və yüz ailəyə yemək aparardı. Əlbəttə, bunu heç kim bilməzdi və özü də insanlara heç nə deməzdi, sonradan insanlar bundan xəbər tutardılar. İmam Səccad (ə) haqqında deyilir ki, yemək yeməzdən əvvəl əvvəlcə başqa insanların və ya kasıbların yeməyə sahib olub-olmadığını yoxlayar, yalnız bundan sonra qalan yeməyi özü yeyərdi.

İmam Hüseynin (ə) Ərbəin ziyarəti haqqında.

Mən indiyə qədər heç vaxt Ərbəində iştirak etməmişəm və gördüm ki, ötən il Ərbəin çox möhtəşəm idi. Mən əvvəllər Ərbəin ziyarəti haqda düşünmüşdüm, lakin bu il fikrimi dəyişdim və dedim ki, nə vaxt dəvət olunsam, gedərəm. Əlbəttə, bu il bir müəssisə tərəfindən iki həftəlik Ərbəin yürüşünə dəvət aldım, təəssüf ki, əgər pasportumla gedib İrandan çıxsaydım, yenidən İrana qayıtmaq və yeni viza almaq üçün müraciət etməli olacaqdım ki, bu da çox çətin bir prosesdir. Buna görə Ərbəin üçün İraqa gedə bilmirəm. Amma hər hansı səbəbdən bu il Ərbəin haqqında bir sənədli filmin mətninin redaktəsi ilə məşğul oldum. Yaxın vaxtlarda Ərbəin haqqında iki məqalə də yazmışam. Haraya getsəm, həmişə Ərbəin və İmam Hüseyn (ə) haqqında mənə sual verirlər. Bu il gedə bilmədim, amma səylərimi davam etdirirəm.

Ərbəin ziyarəti ilə bağlı hiss və düşüncələr.

Mən Ərbəin haqqında düşündükdə, ağlıma bir neçə fikir gəlir və bunun ardınca təbii olaraq Kərbəlanı xatırlayıram. Kərbəlanı düşündükdə isə fədakarlıq və şəhadət yada düşür. Mən bunu İslamın xilas olmasını təmin etmək üçün İmamların (ə) birinin verdiyi bir qərar kimi görürəm. İmam Hüseynin (ə) hərəkəti hesablanmış bir qərar idi. İmam Hüseyn (ə) nə baş verəcəyini bilirdi. O bilirdi ki, öldürüləcək, bilirdi ki, ailələr, qadınlar və uşaqlar əsir alınacaq, səhralarda gəzdiriləcək və daha çox əzab çəkəcəklər. Amma plan məhz bu idi, çünki bunsuz bizim tanıdığımız İslam xilas olmazdı. Deməli, bu, düşünülmüş bir seçim idi.

Kərbəlanı düşündükdə ağlayıram və onlara nə baş verdiyini, onlarla necə rəftar edildiyini xatırlayıram. Bilmirəm, bu hal mənim adımın Zeynəb olması ilə bağlıdır, ya yox. Mən onların başlarının kəsildiyini və dəfn edilmədiklərini düşünürəm. Deyilənə görə, İmam Hüseynin (ə) şəhadətindən qırx gün sonra yağış yağdı və sanki hər yer qanla dolmuşdu.

Bu baxımdan hamımız Ərbəin yürüşünə getmək istəyirik və hamımız özümüzü İmamın (ə) səhabələrindən hesab edirik və deyirik ki, bu hadisə yenidən baş versə, biz orada olacağıq və İmam Hüseynin (ə) yanında qalacağıq. Amma mənim başqa bir sualım var: Kərbəla hadisəsindən əvvəl Kufədə minlərlə insan İmam Hüseynlə (ə) əhd bağlamışdı və Yezid — təsəvvür edilə bilən ən nifrətamiz və dəhşətli hakim idi — buna baxmayaraq, biz doğrudanmı İmam Hüseyn (ə) üçün orada olmağa hazırıq? Elə isə İmam Məhdi (əc) zühur edəndə, biz həqiqətən onun sadiq köməkçiləri olacağıqmı? Doğrudanmı lazım olduğu kimi əhdimizdə möhkəm duracağıqmı? Bu, bizim üçün çox ağır bir məsuliyyətdir. Ərbəin əmələ çağırış olmalıdır, düşünməyə çağırış olmalıdır ki, biz öz vəzifəmizi kifayət qədər yerinə yetiririkmi?

Mənim Avstraliyada bir dostum var, o yanıma gəldi və çox şiddətlə ağlayırdı. O, son dərəcə mömin bir insandır və qəlbi çox təmizdir. O, mənə dedi: “Mən nə edə bilərəm? İmam Məhdinin (əc) zühur etməsi üçün daha çox iş görmək istəyirəm”.

Məlum olduğu kimi, Ərbəin məşhur bir hadisədir və şiə müsəlmanları üçün çox böyük bir əhəmiyyətə malikdir, çünki bu, bütün dünya müsəlmanlarına aiddir. Dünyanın məşhur insanlarının, Qərb mütəfəkkirlərinin — bilmirəm, bəlkə Qandi kimi şəxslərin və digər tanınmış siyasətçilərin — İmam Hüseyn (ə) haqqında söylədikləri fikirlər göstərir ki, Ərbəin və İmam Hüseyn (ə) bəşəriyyət üçün bir ziyarətgahına çevrilmişdir. Biz həqiqətən düşündükdə ki, İslam nədir, anlayırıq ki, o, elə olmalı olduğu kimidir, bütün bəşəriyyəti əhatə etməlidir. Buna görə də əgər biz insanları düzgün şəkildə təşviq etsək, kim bilir, inşallah müsəlman olmayanların hamısı da Ərbəin üçün Kərbəlaya gedər, İmam Hüseyni (ə) görər və müsəlman olarlar.

Səbr — bilirəm, bu çox sadə görünür. Məncə, İslamda ən bəyənilən əməllərdən biridir. Səbr ilə hər şey mümkündür: cəsarət, güc və mərhəmət.

Mənbə: İstibsar.